SOCAR: Azərbaycan 2025-ci ilədək ümumi ixrac potensialını 40 mlrd. kubmetr qaz həcminə çatdıracaq

SOCAR: Azərbaycan 2025-ci ilədək ümumi ixrac potensialını 40 mlrd. kubmetr qaz həcminə çatdıracaq
# 05 may 2015 14:22 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə “Azərbaycan” qəzetində dərc olunan yazısında SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, 2025-ci ilədək Azərbaycanın ümumi ixrac potensialının 40 mlrd. kubmetr qaz həcminə çatdırılması tamamilə realdır: “Bu qazın da çox hissəsi Avropa bazarına təchiz oluna bilər. Əlbəttə, belə böyük həcmlərin nəql edilməsi üçün təhlükəsiz daşınmanı təmin etmək iqtidarında olan və ötürücülük qabiliyyətinin artırılması potensialına malik müvafiq qaz-nəql infrastrukturu lazımdır”.

R. Abdullayev bildirib ki, 3 mühüm seqmentdən ibarət Cənub Qaz Dəhlizi məhz belə bir sistem olacaq: “1-ci seqment hazırda “Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə nəqlini həyata keçirən və regionda enerji təhlükəsizliyinin mühüm amili olan CQBK-dir. Ötürmə qabiliyyəti ildə 20 mlrd. kubmetr təşkil edən bu kəmər işləkliyini artıq sübuta yetirib. CQBK-nin genişləndirilməsi indiyədək aparılmış işlərin davamı olacaq. 2-ci seqment kimi Trans-Anadolu Qaz Boru Xəttinin (TANAP) boru kəməri nəzərdə tutulur. Bu, Azərbaycan və Türkiyənin birgə layihəsidir. TANAP-ın illik ötürücülük qabiliyyəti ilk mərhələdə 16 mlrd. kubmetr təşkil edəcək. Sonradan bu göstəricinin 30 mlrd. kubmetrədək artırılması imkanları da nəzərə alınıb”.

SOCAR prezidenti deyib ki, Cənub Qaz Dəhlizinin 3-cü seqmentini isə Trans-Adriatik (TAP) qaz boru kəməri təşkil edəcək: “Uzunluğu 870 km olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşərək, Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunacaq təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq”.

R. Abdullayevin sözlərinə görə, “Şahdəniz-2” layihəsinin iqtisadi əhəmiyyətindən danışarkən həyata keçiriləcək tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsinin Azərbaycanda icra olunacağı xüsusi vurğulanmalıdır: “Bu, ölkənin istehsalat və inşaat potensialını daha da artıracaq. 2018-ci ilədək layihə çərçivəsində 2 platforma quraşdırılmalı, sualtı boru kəmərləri çəkilməli, Səngəçal terminalında texnoloji sahə artırılmalıdır. Bu məqsədlə Bakıdakı tikinti-quraşdırma meydançalarında texniki və texnoloji rekonstruksiya işləri aparılacaq, bir neçə gəminin texniki və funksional imkanı artırılacaq, “İstiqlal” və “Dədə Qorqud” qurğuları da təkmilləşdiriləcəkdir. Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün inşa ediləcək yeni unikal çoxprofilli gəminin Bakı Gəmiqayırma zavodunda tikilməsi planlaşdırılır. “Şahdəniz-2” və CQBK-nin genişləndirilməsi layihələri Azərbaycanda 10 mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR