Qafqaz Universitetində Məmməd Aslanın xatirəsi anılıb

Qafqaz Universitetində Məmməd Aslanın xatirəsi anılıb
# 30 oktyabr 2015 16:20 (UTC +04:00)

Bakı – APA. Qafqaz Universitetində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, “Şöhrət” ordenli şair Məmməd Aslanın xatirəsinə həsr olunmuş anım günü keçirilib.

Qafqaz Universitetindən APA-ya verilən məlumata görə, tədbirdə M. Aslanın həyat və yaradıcılığından bəhs edən süjetə baxış keçirilib.

Sonra Qafqaz Universitetinin Türk dili və ədəbiyyatı bölümünün müdiri professor Ömər Okumuş çıxış edib. O, şeirləri ilə gənclərə örnək olacaq şairin anım gününün qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.

Türk dili və ədəbiyyatı birinci kurs tələbəsi Sədaqət Rzayeva isə şairin yaradıcılığından “Niyə itirdin məni” şeirini səsləndirib.

Öz növbəsində universitetin Azərbaycan dili və ədəbiyyatı bölüm müdiri professor Akif Hüseynli qeyd edib ki, M. Aslan şeirlərinin dili, lüğət zənginliyi, ədəbi dili, poeziyamızın inkişafına əvəzsiz töhfələr bəxş edib. M. Aslanla olan xatirələrindən bəhs edən professor şairin yaradıcılığının xalqdan bəhrələndiyini və əsərlərində xalq ruhunun üstünlük təşkil etdiyini bildirib.

Tədbirin davamı olaraq M. Aslanın Türkiyə türkçəsinə tərcümə olunmuş “Nur içində nur” şeiri tələbələr tərəfindən ifa olunub, universitetin xor kollektivi çıxış edib.

Babası haqqında unudulmaz xatirələrindən danışan şairin nəvələri Firuzə və Məmmədkamal ailələri adından tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər. Şairin dostu Milli Məclisin sabiq deputatı, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov türk xalqları arasında əlaqələrin genişləndirilməsində Məmməd Aslanın misilsiz xidmətlərinin olduğunu bildirib və qeyd edib ki, əbədiyaşar şair bizi öz şərəfli ölümü ilə özünün irsinə, özünün şəxsiyyətinə ədəbiyyat və poeziyasına yenidən baxmağa vadar edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR