Taisiya Mahmudova: “Zahid Əhmədov dedi ki, İqbalı o öldürüb, amma şahidlər qətl vaxtı onun orada olmadığını deyirlər”

Taisiya Mahmudova: “Zahid Əhmədov dedi ki, İqbalı o öldürüb, amma şahidlər qətl vaxtı onun orada olmadığını deyirlər”
# 05 aprel 2013 14:16 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Ukraynanın Makeyevka şəhərinin Qornyatskiy Rayon Məhkəməsində Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Donetsk vilayət şöbəsinin rəhbəri, biznesmen İqbal Mahmudovun qətli ilə bağlı məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam edir. Bu barədə APA-ya məlumat verən İ. Mahmudovun qardaşının həyat yoldaşı Taisiya Mahmudova bildirib ki, dünənki iclasda 6 şahid dindirilib: “Təqsirləndirilənlərdən Zahid Əhmədov yenə də bildirib ki, İqbalı o öldürüb, lakin qətl baş verən yerin yaxınlığında olan şahidlərin sözlərinə görə, qətl zamanı Zahid orada olmayıb. Hakim ondan soruşub ki, İqbalı diaspora təşkilatında onun yerinə keçmək üçün öldürmüsən? Lakin Zahid Əhmədov bu ittihamı rədd edib”.

Növbəti məhkəmə iclası aprelin 11-ə təyin edilib.

Xatırladaq ki, İqbal Mahmudov 2012-ci il mayın 9-da qətlə yetirilib. Onun öldürməsində 4 nəfər - Əhmədov Zahid Şıxəlı oğlu, Ağalarov Cavid Zakir oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli bilinir. Onlar hamısı dəmir barmaqlıqlar arxasındadır.

Faktla bağlı Ukrayna Cinayət Məcəllənin 115 (qəsdən adam oldürmə) və 263-cü maddələri (odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması) üzrə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR