Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə başa çatan monitorinq imtahanları daha 26 bölgədə keçiriləcək

Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə başa çatan monitorinq imtahanları daha 26 bölgədə keçiriləcək
# 26 aprel 2013 07:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 23, 24 və 25-də Bakı, Abşeron və Sumqayıt şəhərlərində ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri aprelin 23-də Azərbaycan dilindən, aprelin 24-də riyaziyyatdan, aprelin 25-də isə fizika fənnindən imtahan veriblər.

Azərbaycan bölməsinin V sinif şagirdləri aprelin 23-də Azərbaycan dilindən, aprelin 24-də isə riyaziyyat fənnindən, rus bölməsinin V sinif şagirdləri isə aprelin 24-də riyaziyyat, aprelin 25-də rus dili fənnindən imtahan veriblər. Hazırda bu imtahanlarda iştirak edən şagirdlərin cavablarının yoxlanması həyata keçirilir.

Monitorinq imtahanları respublikanın daha 26 bölgəsində keçiriləcək. Təhsil ictimaiyyəti həmin imtahanların bölgələr və orta ümumtəhsil müəssisələri üzrə keçirilmə tarixləri barədə məlumatı TQDK-nın saytından əldə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR