Azərbaycan son on ildə 450 artilleriya sistemi alıb - TƏHLİL

Azərbaycan son on ildə 450 artilleriya sistemi alıb - <span style="color: red;">TƏHLİL
# 27 dekabr 2012 14:15 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Son 10 ildə dövlət büdcəsindən müdafiə sektoruna ayrılan vəsaitləri əhəmiyyətli səviyyədə artıran Azərbaycan bu dövrdə ordunun arsenalının yeni döyüş təyyarələri, helikopterlər, döyüş maşınları, habelə müasir və uzaq məsafəli artilleriya sistemləri ilə gücləndirilməsi istiqamətində bir sıra proqramlar reallaşdırmaqdadır. Silahlanma tendensiyasını yüksələn xətt üzrə davam etdirən rəsmi Bakı artıq bu sahədə dövlət başçısının vurğuladığı kimi, Ermənistanla balansı öz xeyrinə dəyişməyə nail olub. Hətta Rusiya tərəfindən bu ölkəyə göstərilən təmənnasız yardımlar müqabilində belə...

Azərbaycan əsasən raket-artilleriya silahları alır

APA-nın apardığı araşdırmalara görə, Azərbaycanın 2001-2011-ci illərdə satın aldığı silah və hərbi texnikanın tərkibində əsas yeri raket-artilleriya silahları tutub. Təhlillər göstərir ki, bu dövrdə Azərbaycan uzaq mənzilli artilleriya sistemlərinin sayına görə Ermənistanı ən azı 2 dəfə qabaqlayıb. Hansı ki, rəsmi Bakının son illərdə sahib olduğu və nümayiş etdirdiyi yeni sistemlər hərbi əməliyyatlar başlayacağı təqdirdə düşmənin cəbhənin dərinliklərindəki strateji obyektlərini dəqiq zərbələrlə məhv etməyə imkan verəcək.

Silahlanma proqramını davam etdirən Azərbaycanın yaxın illərdə daha uzaq məsafəli raket artilleriya silahlarına sahib olacağına dair məlumatlar da mövcuddur. Əldə olunacaq yeni sistemlər Azərbaycan Silahlı Qüvvələrinə düşmənin yüz kilometrlərlə uzaqlıqda yerləşən hədəflərini belə məhv etmək imkanı verəcək.

Müdafiə Sənayesi Nazirliyi tərəfindən də yaxın perspektivdə bu sahədə müəyyən addımların atılması nəzərdə tutulur. Hazırda 60 və 82 mm-lik minaatanların, 107 mm-lik reaktiv atəş sistemlərinin, onların mərmilərinin istehsalını reallaşdıran MSN tərəfindən 120 mm-lik minaatanların, 105 mm-lik haubitsaların, 57 və 122 mm-lik reaktiv atəş sistemlərinin və onların döyüş sursatlarının istehsalı ilə bağlı layihələr üzərində işlər aparılır.

Qarabağda artilleriya

Birinci Qarabağ müharibəsinin gedişində Azərbaycan və Ermənistan kifayət qədər artilleriya tətbiq edib.

Qarabağ döyüşlərində Azərbaycan artilleriyaçıları tərəfindən əsasən 122 mm çaplı BM-21 «Qrad», müxtəlif yedəkdə daşınan haubitsalar, minaatanlardan istifadə olunub. Azərbaycan Ordusu tərəfindən yerli müəssisədə hazırlanmış 12 və 24 lüləli «Qrad» tipli reaktiv artilleriya sistemlərindən ilk dəfə Gülüstan ərazisində erməni silahlılarına qarşı istifadə olunub. Bu reaktiv sistemin ilk tətbiqində keçmiş Şaumyankənd rayonu ərazisinə cəmləşmiş 100-dən artıq erməni yaraqlısı məhv edilib. 706-cı briqadanın 1993-cü il yanvarın 13-də Qubadlıdan reaktiv sistemlərlə Ermənistan Ordusunun Gorus rayon mərkəzindəki hərbi hissəsinə endirdiyi sərrast zərbələr nəticəsində düşmənin 300-dən artıq hərbçisi məhv edilib.

1992-ci ildə Qazax rayonu istiqamətində, 1994-cü ilin yanvar-may aylarında Horadiz əməliyyatı, Tərtərin müdafiəsi əməliyyatı, Ağdam istiqamətindəki döyüşlərdə Azərbaycan artilleriyası mühüm rol oynayıb. Bununla bağlı Ermənistan mediasında da kifayət qədər məlumatlar yer almaqdadır.

Ekspertlərin fikrincə, Qarabağda başlanacaq ikinci müharibədə də əsas ağırlıq raket-artilleriya sistemlərinin, hərbi aviasiyanın və yüngül çəkili, yüksək manevrli döyüş texnikalarının üzərinə düşəcək. Son 10 ildə silah alınması ilə bağlı statistikaya nəzər yetirdikdə, Azərbaycanın verdiyi sifarişlərdə bunun nəzərə alındığını aydın görmək olur.

Erməni və rus ekspertlərin fikirlərinə görə, Azərbaycan Ordusu hərbi əməliyyatlara düşmənin cəbhə xəttinin dərinliklərindəki əsas strateji obyektlərinin uzaq məsafəli artilleriya atəşi ilə məhv etməklə başlayacaq. Burada ilk hədəflər sırasında Ermənistan və Qarabağı birləşdirən əsas quru yollarının - Laçın dəhlizi və Zod-Ağdərə yolunun sıradan çıxarılması, bununla da həyati əhəmiyyətli kommunikasiyalarını istifadəsiz hala gətirilməsi yer alacaq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri sahib olduğu pilotsuz uçuş aparatlarından (PUA) və digər kəşfiyyat mənbələrindən də geniş istifadə edəcək. Artıq 2009, 2010 və 2012-ci illərdə keçirilən ümumqoşun taktiki təlimlərində Azərbaycan Ordusu PUA-ların tətbiqi ilə artilleriya atışları keçirib.

Hərbi ekspertlərin fikrincə, Azərbaycanın malik olduğu «Smerç», 2C7 «Pion», M-46, 2A36 «Giatsin», T-122 «Sakarya», Lynx LAR və Lynx Extra kimi artilleriya sistemləri Qarabağdakı Ermənistan qüvvələri üçün potensial təhlükədir. Bu sistemlər gözlənilməz hücum zamanı Ermənistan Ordusunun ön və arxa eşelondakı möhkəmləndirilmiş mövqelərini güclü zərbələrlə sıradan çıxaracaq. Erməni ekspertləri iddia edirlər Ki, Azərbaycan tərəfi hərbi əməliyyatların gedişində mülki əhali və hərbçilər arasında psixoloji gərginlik yaratmaq məqsədilə böyük dağıdıcı gücə malik uzaq mənzilli reaktiv atəş sistemlərindən Dağlıq Qarabağda insanların daha çox yaşadığı məntəqələrə qarşı istifadə edəcək.

Ermənilərin isə Azərbaycan Ordusunun qarşı mövqelərində - Ağdərə istiqamətində 70-dən artıq, Kəlbəcərdə 20, Füzuli istiqamətində 45, Ağdam istiqamətində 45, Xocavənd istiqamətində 50 artilleriya sisteminin mövcud olduğu bildirilir.

10 ildə 450 sistem

SİPRİ, Dünya Silah Ticarətinin Analizi Mərkəzi (SAMTO) kimi təşkilatların hesabatları, silah ixracatçısı olan ölkələr tərəfindən BMT Adi Silahlar Registrinə təqdim edilmiş məlumatların analizlərinə əsasən, Azərbaycan 2001-2011-ci illərdə müxtəlif ölkələrdən 450-dən artıq müxtəlif çaplı raket-artilleriya sistemləri satın alıb. Bunun 120-yə yaxınını iri çaplı minaatanlar, 70-ə qədərini reaktiv artilleriya sistemləri, 3 kompleks «yer-yer» tipli «Toçka-U» sistemi, 100-dən çoxu özüyeriyən artilleriya sistemi, qalanları isə yedəkdə daşınan müxtəlif haubitsalardır.

APA-nın araşdırmasına görə, Azərbaycanın artilleriya silahlanmasında fərqli coğrafiyalara yer verilməsinə baxmayaraq, ötən onillikdə bu sahədə üstünlüyü Ukrayna və İsrail tutub. Hesabat dövründə Azərbaycan Ukraynadan 310 ədəd, İsraildən isə 50-yə yaxın müxtəlif çaplı artilleriya sistemləri satın alıb. Hər iki ölkədən verilmiş sifarişlər 2012-ci ildə də davam edib.

Hesabat dövründə Azərbaycan Ukraynadan 24 ədəd 9A52 «Smerç» (2004-2011), 4 ədəd 9P129-1M «Toçka-U» kompleksi (2008), 54 ədəd 2S1 «Qvozdika», 16 ədəd 2S3 «Akatsiya» sistemi (2008-2010), 127 ədəd D-30 (2002-2007), 85 ədəd 120 mm-lik PM-38 tipli minaatan (2005-2006), Belarusdan 30 ədəd 120 mm-lik D-30 haubitsası (2010), 12 ədəd 2S7 «Pion» (2008-2009) özüyeriyən artilleriya sistemi, Bolqarıstandan 36 ədəd M-46 tipli haubitsa (2002), Bosniya və Herseqovinadan 10 ədəd 128 mm çaplı RAK-12 reaktiv atəş sistemi (2010), İsraildən LAR-160, Lynx Qrad tipli reaktiv atəş sistemi, Atmos-2000 tipli haubitsa, Cardom tipli avtomatik minaatan, Rusiyadan 20-dən artıq 2S9 «Nona-S» tipli özüyeriyən minaatan (2004), Türkiyədən 107 və 122 mm çaplı reaktiv atəş sistemləri, müxtəlif artilleriya sistemləri alıb.

Yaxın illərdə Türkiyəyə sifariş verilmiş T-155 «Fırtına» özüyeriyən artilleriya sisteminin də silahlanmaya qəbulu gözlənilir. Türkiyə Müdafiə Sənayesi Katibliyi rəsmilərinin sözlərinə görə, sistemin Azərbaycana satışına əngəl yaradan mühərrik problemi həllini tapıb. «Fırtına»nı mühərriklə təmin edən Almaniyanın MTU şirkəti Ermənistanla münaqişəni əsas gətirərək, Azərbaycanın sifariş verdiyi özüyeriyən haubitsaları mühərriklə təmin etməyəcəyini bildirmiş, bu səbəbdən sifarişin icrası ləngimişdi. Detallar açıqlanmasa da, problem artıq müsbət həll olunub. Məlumatlara görə, Azərbaycan Türkiyədək 36 ədəd T-155 «Fırtına» sistemi almağı planlaşdırır.

Azərbaycanın son on ildə aldığı artilleriya komplekslərinin texniki imkanları

APA-nın apardığı araşdırma nəticəsində məlum olur ki, hesabat dövründə Azərbaycanın əldə etdiyi artilleriya sistemlərinin 55%-ə qədərini 40-150 km hədəf uzaqlığı, 22%-ni atış uzaqlığı 20-40 km, qalan hissəsini isə atış uzaqlığı 20 km-dək olan raket-artilleriya silahları təşkil edib.

Bu müddətdə dövrdə Belarusdan alınmış 12 ədəd 203 mm-lik 2S7 «Pion» özüyeriyən artilleriya sistemi düşmənin 50 km uzaqlıqda möhkəmləndirilmiş hədəflərini, bazalarını, canlı qüvvəsini məhv etmək imkanına malikdir. Azərbaycanın Bolqarıstandan satın aldığı, yedəkdə daşınan M-46 haubitsaları vaxtilə Varşava bloku ölkələrində geniş istifadə olunmuş uzaq məsafəli haubitsalardan sayılıb. Bu haubitsaların atış uzaqlığı 27 km-dən çoxdur.

Ukraynadan satın alınmış 24 ədəd «Smerç» kompleksi Azərbaycan Silahlı Qüvvələrinə uzaq məsafədəki hədəfləri məhv etmək üçün əlavə güc qazandırmış olub. Hazırda postsovet məkanında 7 ölkənin silahlanmasında yer alan «Smerç» sistemləri düşmənin 80 km məsafədə bütün infrastrukturunu məhv etməyə, böyük dağıdıcı gücə malikdir. 12 raket buraxıcı lülədən ibarət olan bir «Smerç» yaylım atəşində 72 hektar sahəni məhv edir. Qeyd etmək yerinə düşər ki, Ermənistan Ordusunun arsenalında hazırda LAR-160, Lynx Qrad tipli reaktiv atəş sistemi, 2S7 «Pion» özüyeriyən artilleriya sistemi, M-46 haubitsaları və «Smerç» kompleksi yoxdur. Ermənistanın silahlanmasında yer alan, Çin istehsalı olan WM-80 sistemləri «Smerç»in Çin variantı hesab olunsa da, bir çox keyfiyyətinə görə ondan geri qalır.

Hazırda Azərbaycan Ordusunun uzaq məsafəli atəş dəstəyi 120 km məsafəyə malik «Toçka-U» raket kompleksi və İsrail istehsalı olan 150 km-lik LAR-160 sistemləri hesabına təmin olunur. Bu sistemlər artıq praktiki baxımdan özünü doğruldub və dünyanın aparıcı ölkələri tərəfindən qəbul edilməkdədir. Azərbaycanda keçirilən atış testlərində «Smerç» və LAR-160 sistemləri idarə olunan raketlərlə müəyyən edilmiş hədəfləri yüksək dəqiqliklə məhv edib.

İşğal altındakı ərazilər, o cümlədən Dağlıq Qarabağda Ermənistan Ordusunun bütün obyektləri Azərbaycan Ordusunun artilleriya sistemlərinin mənzili daxilindədir. Ermənilərin Xocalı hava limanına uçuşları bərpa etmək cəhdlərinə mane olan əsas amillərdən biri də məhz Azərbaycan Ordusunun bir reaktiv atəş sistemi vasitəsi ilə aeroportu sıradan çıxaracağı ehtimalıdır.

AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN ARTİLLERİYA SİSTEMLƏRİ (Qarabağ separatçılarının sistemləri də daxil) /ədəd

Tipi

Azərbaycan

Ermənistan

Yedəkdə daşınan

585

395

D-30

195

171

D-20

30

34

D-1

-

2

D-44

72

MT-12

85

M-46

36

2A36 Giatsin-B

32

135

ML-20

53

Özüyeriyən artilleriya sistemləri

138

38

2S1 Qvozdika

80

10

2S3 Akatsiya

20

28

2S7 Pion

12

Yox

2S9 Nona-S

26

Yox

SOLTAM Atmos

mövcud

Yox

SOLTAM Cardom

mövcud

Yox

Reaktiv Atəş Sistemləri

130-dan çox

99

BM-21 Qrad

60

91

9A52 Smerç/ WM-80

24

8

9K57 Uraqan

4

---

RAK-12

10

---

Lynx Extra

mövcud

--

Lynx Grad

mövcud

---

T-122

mövcud

---

LAR-160

mövcud

---

107 mm-lik RAS

mövcud

mövcud

Taktik Raket Kompleksi

4

12

Toçka-U

4

4

9K72 Elbrus

8

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR