Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracını iki dəfə artırmaq niyyətindədir

Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracını iki dəfə artırmaq niyyətindədir
# 16 avqust 2014 06:57 (UTC +04:00)

Bakı - APA. Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının həcmini artırmaq imkanını nəzərdən keçirir.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu məsələ ötən gün Ermənistanın baş naziri Ovik Abramyan ölkənin bir sıra iri şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşdə geniş müzakirə mövzusu olub.

“Ermənistan məhsullarının Rusiya bazarına ixracının artırılması respublika iqtisadiyyatının inkişafına əhəmiyyətli təkan verəcək. Bu səbəbdən, hökumət, imkan daxilində, müxtəlif ixrac proqramlarının reallaşmasına yardım edəcək”, - deyə baş nazir bildirib.

Ermənistan kənd təsərrüfatı naziri Serqo Karapetyan isə öz növbəsində, xatırladıb ki, Ermənistanın kənd təsərrüfatı məhsullarının 70 faizi, ənənəvi olaraq, Rusiyaya ixrac olunur. “Lakin bu gün, Rusiya bir sıra ölkələrdən kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq etdiyi dövrdə, biz, imkanlarımız daxilində, Rusiya bazarında yaranmış bu boşluğu doldurmalıyıq və ən yaxın zamanda ixracın həcmini artırmalılyıq”, - deyə nazir qeyd edib.

S. Karapetyanın fikrincə, bunun üçün Ermənistanda bütün imkanlar var. Onun sözlərinə görə, bura həm təzə meyvə-tərəvəzi, emal edilmiş xammalı, həm də konyak və çaxırı aid etmək olar. Nazir hətta Ermənistanın öz kənd təsərrüfatı məhsullarının Rusiyaya ixrac həcmini iki dəfə artırmaq imkanı olduğuna da əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR