Azərbaycan prezidenti: "Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir"

Azərbaycan prezidenti: "Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir"
# 11 iyul 2014 01:03 (UTC +04:00)

Bakı-APA. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisi bu ilin sonuna qədər başa çatmalıdır. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib. “Beləliklə, Gürcüstan ərazisində bu işlər tamamilə başa çatandan sonra biz öz payımıza düşən hissəni icra etmiş oluruq. Bir də ki, Ələt Beynəlxalq Ticarət Limanının birinci mərhələsinin istismara verilməsi məsələsidir. Bu da yaxın aylarda olmalıdır. Birinci mərhələ, ondan sonra ikinci mərhələ. Ancaq artıq bir neçə aydan sonra biz birinci mərhələni istifadəyə verməliyik. Ondan sonra indi şəhərin mərkəzindəki liman köçürüləcək və orada əvvəllər də dediyim kimi, ictimai zonalar, ictimaiyyət üçün parklar yaradılacaq, digər məsələlər öz həllini tapacaq. Çünki indi gördüyünüz kimi, Bakıda boşaldılan bütün ərazilərdə insanların rahatlığı, istirahəti üçün ictimai yerlər salınır”, deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev qeyd edib ki, şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün yeni avtobuslar gətirilməlidir. "Əslində, yeni qurum yaradılır - “Baku Bus” şirkəti. Burada ən yüksək xidmət göstərilməlidir və gətiriləcək avtobuslar dünyanın ən gözəl avtobuslarıdır. Məhz məsələni belə qoymuşuq ki, Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir. Hesab edirəm ki, yeni avtobuslar bir neçə aydan sonra artıq gətiriləcək. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, o vaxta qədər bütün bu məsələlər - onların parkinq yerləri, sürücülər, sistem, şəffaflıq öz həllini tapmalıdır. Bu, dünya miqyasında bir nömrəli sistem olmalıdır”, deyə dövlət başçısı vurğulayıb.

Metro tikintisi sürətlə getdiyini bildirən prezident İlham Əliyev bu sahəyə əlavə vəsait ayırmasının lazım olduğunu qeyd edib: “Çünki bəzi layihələrin icrası vəsaitin çatışmazlığı ucbatından müəyyən qədər ləngiyir. Vəsaitin çatışmazlığı ona görə baş vermir ki, nəzərdə tutulmayıb, sadəcə olaraq, işlər sürətlə gedir. Biz bu işləri daha da sürətləndirməliyik, çünki metro əsas nəqliyyat vasitəsidir. Metroda həm istismarda, həm metro tikintisində aparılan islahatlar hesab edirəm ki, vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Yerlərdən gələn təkliflər də bunu göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR