AHİK sədri: “İstehsalat xəsarəti və peşə xəstəliyi səbəbindən əlil olanların sayı artıb”

AHİK sədri: “İstehsalat xəsarəti və peşə xəstəliyi səbəbindən əlil olanların sayı artıb”
# 19 dekabr 2014 12:27 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “2006, 2011, 2013-cü illərdə həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə istehsalat zədələnmələri artıb. Son illər istehsalat zədələnmələrinin vəziyyətinin araşdırılması göstərir ki, qəzalar, bədbəxt hadisələr və zədələnmələr tipik təşkilati səbəblər fonunda baş verir. İşin düzgün təşkil olunmaması, işəgötürənlərin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına laqeyd yanaşması belə səbəblərdəndir. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması, onların təhlükəli və zərərli iş yerlərindən kənarlaşdırılması problemi də kəskin qalmaqda davam edir. 2013-cü ilin yekunlarına görə, zərərli və təhlükəli iş yerlərində işləyənlərin sayı 33,3 min nəfər təşkil edir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev konfederasiyanın bu gün keçirilən II Məclisində çıxışı zamanı deyib.

S.Mehbalıyev bildirib ki, AHİK yarandığı gündən həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə istehsalat zədələnməsinin sayı 4,4 dəfə, ölümlə nəticələnmiş bədbəxt hadisələrin sayı isə 4 dəfə azalıb. Onun sözlərinə görə, bədbəxt hadisələr daha çox özəl və kiçik biznes müəssisələrində baş verir: “İstehsalat zədələnməsinə görə analoji azalma tempi bütün respublikada fəaliyyət göstərən müəssisələr üzrə müşahidə olunmaqdadır. Bununla yanaşı, araşdırmalar göstərir ki, respublikada istehsalat zədələnmələrinin, işçilərin əmək şəraitinin yaxşılaşdırılmasının, onların ağır və zərərli iş yerlərindən kənarlaşdırılmasının vəziyyəti o qədər də ürəkaçan deyil. Sənaye və nəqliyyat sahəsində əlverişsiz iş şəraitində çalışanların sayında artım müşahidə olunub. Ayrı-ayrı sahələrdə ətraf mühitin və ekologiyanın mühafizəsi məsələlərinə məsuliyyət hissi ilə yanaşılmayıb ki, bu da xəstələnmə hallarının artmasına səbəb olub. İstehsalat xəsarəti və peşə xəstəliyi səbəbindən ilkin olaraq əlil olanların sayı artıb".

S.Mehbalıyevin fikrincə, bütün göstərilən nöqsanların aradan qaldırılması, bir sıra problemlərin həlli üçün təxirəsalınmaz tədbirlər görülməlidir: "Respublikamızda özəl biznes, xüsusilə də inşaat biznesi ilbəil artmaqdadır. Dövlət Statistika Komitəsinin araşdırmaları göstərir ki, özəl və kiçik biznes müəssisələrində əmək mühafizəsinə vəsait ayrılmır. Məhz bu sahələrdə daha çox bədbəxt hadisələr və istehsalat qəzaları baş verir. Belə vəziyyətin yaranması təsdiq edir ki, biz ümumilikdə respublika üzrə səmərəli fəaliyyət göstərən əmək mühafizəsinin idarəetmə sisteminin yaradılmasına nail olmamışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR