Azərbaycan və Çin kosmik texnologiyalar sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Çin kosmik texnologiyalar sahəsində əməkdaşlığı genişləndirir
# 01 fevral 2013 12:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Çinin süni peyk üzrə ixtisaslaşmış mütəxəssisləri ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Çinin Geodeziya və Kartoqrafiya Milli Administrasiyasının sədr müavini Li Penq, Kosmik çəkiliş və kartoqrafiya Mərkəzinin departament müdiri Çanq Hiaotao və informasiya-kommunikasiya texnologiyaları üzrə tanınmış alimləri iştirak ediblər.


Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Çinlə Azərbaycan arasında geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

L.Penq ölkəsinin geologiya və kartoqrafiya üzrə həyata keçirdiyi İT layihələrlə bağlı məlumat verib və bildirib ki, hazırda Çin öz ərazisi üzrə 56 regionda texnoloji yenilikləri tətbiq edir, İKT-nin verdiyi imkanlardan yararlanaraq ərazilərin müxtəlif formalı və müxtəlif ölçülü kosmik şəkillərini çəkir.


Bu sahədə iki ölkə arasında əməkdaşlığın qurulmasının əhəmiyyətindən danışan L.Penq deyib ki, kosmik çəkilişlərlə bağlı gələn həftə Dohada təqdimat keçiriləcək. Çində bütün beynəlxalq texnoloji şirkətlərin cəmləşdiyini vurğulayan L.Penq Azərbaycanda İKT sahəsi üzrə mühüm layihələrin həyata keçirilməsindən xəbərdar olduqlarını vurğulayıb. «Azərbaycan artıq müəyyən nailiyyətlər əldə edib və biz buna sevinirik. Düşünürəm ki, İKT sahəsi üzrə birgə layihələr həyata keçirə bilərik. Hazırda Çinin topoqrafik şəkillərin çəkilməsi üzrə böyük təcrübəsi var», - deyə qonaq bildirib.

Ç.Hiaotao isə Çinin 2012-2027-ci illəri əhatə edən kosmik çəkilişlərlə bağlı olan dövlət proqramı haqqında danışıb. O bildirib ki, ölkəsi növbəti illərdə 3D texnologiyası ilə kosmik çəkilişlərin aparılmasına hazırlaşır. Çində kosmik məlumatların 3 qəbuledici stansiyasının fəaliyyət göstərdiyini vurğulayan qonaq Azərbaycanda da belə bir stansiyanın qurulmasının mümkünlüyünü bildirib.


Öz növbəsində İ.Məmmədov bəyan edib ki, Azərbaycan bu ay özünün süni peykini orbitə çıxaracaq. Ölkədə bunun üçün stansiyanın tikildiyini vurğulayan nazir müavini qeyd edib ki, onun vasitəsilə həm peyki idarə etmək, eyni zamanda peykdən göndərilən informasiyaları qəbul etmək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR