Təbrizdə AMEA əməkdaşı ilə birlikdə həbs edilən digər Azərbaycan vətəndaşının kimliyi açıqlanıb

Təbrizdə AMEA əməkdaşı ilə birlikdə həbs edilən digər Azərbaycan vətəndaşının kimliyi açıqlanıb
# 02 may 2013 09:09 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. “Hələlik Xalidə Xalidin nə şəraitdə və hansı ittihamla həbs edildiyi məlum olmadığı üçün AMEA Ədəbiyyat İnstitutu onun azad edilməsi istiqamətində hansısa müraciət etməyib”. Bunu APA-ya açıqlamasında AMEA Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı bildirib.

Onun sözlərinə görə, hazırda bu məsələ Azərbaycanın Təbrizdəki konsulluğu tərəfindən araşdırılır: “Ona qarşı ittihamın nə olacağından asılı olaraq AMEA Ədəbiyyat İnstitutu və ya AMEA Rəyasət Heyəti tərəfindən münasibət bildiriləcək”.

Ədəbiyyat İnstitutunun X.Xalidin işçisi olduğu Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri Vaqif Arzumanlı isə APA-ya açıqlamasında deyib ki, Xalidə Xalid qızı İsmayılova Ədəbiyyat İnstitutunun elmi işçisi və doktorantıdır: “10 ilə yaxındır ki, “Məhəmmədhüseyn Şəhriyar və türk xalqları ədəbiyyatı” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir. Şəhriyarla bağlı nəinki Azərbaycanda, Türkiyədə, Kiprdə məqalələri, kitabları çap olunub. Şəhriyarla bağlı dissertasiya işini tamamlamaq üzrə idi. Ötən həftə mənə Şəhriyar haqqında İranda, Türkiyədə çap olunan 550 material göstərdi. Aprelin 26-da mənə dedi ki, Lənkərana getmək istəyir. O, əslən Lənkərandandır. Onunla həbs olunan şəxsin adı Şamax deyil, Şamxaldır. O, Xalidə xanımın sürücüsü və köməkçisidir”.

V.Arzumanlının sözlərinə görə, X.Xalid ona Təbrizdə dostlarının da olduğunu, bəzi məqalələrin ona göndərilməli olduğunu da deyib: “Dünən isə onun həbs edildiyini eşitdim. Onu yaxından tanıyan adam ki, deyə bilərəm ki, X.Xalid ziyalı bir xanım, fəal elmi işçidir. Ola bilər ki, Ərdəbildən və ya Təbrizdən ona zəng edib Şəhriyarla bağlı materiallar olduğunu deyiblər. O isə həmin materialları əldə etmək üçün ora gedib. Onunla birgə həbs edilən Aşıq İsaq Qaraxanlı Bakıya gəlib-gedən adamdır, yazıçıdır. Məhəmməd (Oxtay) Rəşidini isə qiyabi olaraq tanıyıram”.

Şöbə müdiri deyib ki, X.Xalidin İrana getməsində bir qəbahət yoxdur: “İran uzaq xaric ölkə deyil, sərhəd açıqdır. İstənilən vaxt gedib-gəlmək mümkündür. Bu mənada mən burada bir qəbahət, qanun pozuntusu görmürəm”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas və araşdırmaçı-yazar Xalidə Xalid aprelin 30-da Təbrizdə həbs edilib.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, X.Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Azərbaycan Respublikası vətəndaşının X.Xalidin yardımçısı, adının isə Şamax olduğu qeyd olunur. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil.

Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar - Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR