MSK monitorinq keçirib

MSK monitorinq keçirib
# 18 fevral 2013 13:48 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Mərkəzi Seçki Komissiyası ölkədə dairə seçki komissiyalarının maarifləndirməsi ilə bağlı monitorinq keçirib. APA-nın xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında sədr Məzahir Pənahov məlumat verib. O bildirib ki, hazırda həmin monitorinqin nəticələri araşdırılır: “Yaxın vaxtlarda monitorinqin nəticələri məlum olacaq və bununla bağlı tədbir də keçiriləcək. Ümumilikdə onu deyə bilərəm ki, monitorinqin nəticələri yüksək qiymətləndirilə bilər. Çünki format yaxşı işlənmişdi və bizim əməkdaşlar yerlərdə monitorinqləri çox yüksək səviyyədə həyata keçiriblər. Monitorinqin ümumi nəticəsinə əsasən demək olar ki, artıq dairələrin fəaliyyətində irəliləyişə doğru ciddi dəyişikliklər müşahidə olunur. Bu da onun nəticəsidir ki, 2007-ci ildən dairələrin maddi-texniki bazası gücləndirilib”.

M. Pənahov qeyd edib ki, monitorinqin nəticələri ilə əlaqədar ölkə üzrə dairə seçki komissiyalarının sədrlərinin MSK-da ümumi toplantısı keçiriləcək: “Xüsusi ilə bu il Azərbaycanda prezident seçkilərinin olduğunu nəzərə alaraq biz dairələrdə maarifləndirmə işlərinə daha çox üstünlük veririk”.

MSK sədrinin sözlərinə görə, dairə seçki komissiyalarında məntəqə komissiyaları üzrə seçici siyahısının tutulması artıq başa çatıb: “Hazırda ümumiləşmə aparılır və yaxın zamanlarda seçici siyahısı dairələr üzrə də bəlli olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR