Ekspert: “Rus rublu antirekord vurmaqda davam edəcək”

Ekspert: “Rus rublu antirekord vurmaqda davam edəcək”
# 07 noyabr 2014 12:59 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva birjasında dollar tarixində ilk dəfə 48 rubla çatıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, rub dollara nisbətdə ucuzlaşaraq psixoloji həddi keçib.

Belə ki, bu gün 1 ABŞ dolları 1,3 rubl bahalaşaraq 48,14 rubla bərabər olub.

Dollarla bərabər avro da bahalaşaraq tarixi maksimuma çatıb. Bu gün 1 avro 59,47 satılıb.

Ekspertlərin fikrincə, rubl dollara nisbətdə ucuzlaşmaqda davam edəcək. "FİNAM" şirkətinin direktoru Nikolay Solabuta bildirib ki, bu gedişlə gələn ilin mart ayınadək 1 dollar 200 rubla bərabər olacaq: "Neft ucuzlaşmaqda davam edir. Rubl isə antirekord vurmaqda davam edəcək".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dolların bahalaşmasını dayandırmaq üçün ölkənin valyuta ehtiyatlarını tükətmək niyyətində olmadıqlarını bəyan edib. Bu üzdən də Rusiya Mərkəzi Bankı gələn ildən etibarən rublun məzənnəsinin sərbəst buraxılması üçün fəaliyyətini davam etdirir. Yəni 2015-ci ildən rubl dollara nisbətdə dəyərini bazarda özü tənzimləyəcək.

Rublun sürətlə ucuzlaşmasının səbəbi Rusiya iqtisadiyyatının əsasını təşkil edən neft və təbii qaz qiymətlərinin dünya bazarında aşağı düşməsidir. Hazırda birjalarda "Brent" markalı neftin 1 bareli 83 dollara satılır. Neftin barelinin 1 dollar ucuzlaşması Rusiya iqtisadiyyatına gün ərzində 1 mlrd. dollardan çox zərər vurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR