Təhsil Nazirliyi: Azərbaycanda 50 minə yaxın əlilliyi olan uşaq təhsildən kənar qalıb

Təhsil Nazirliyi: Azərbaycanda 50 minə yaxın əlilliyi olan uşaq təhsildən kənar qalıb
# 13 mart 2015 10:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda əlilliyi olan şəxslərin təhsilinin təşkili iki formada həyata keçirilir. Belə ki, bu proses evdə təhsil (Evdə təhsilə cəlb olunmuş əlilliyi olan uşaq təcrid olunmuş qaydada təhsil alır, xüsusi təhsil məktəblərinin fəaliyyət göstərdiyi ərazini əhatə edir) və xüsusi təhsil müəssisələri (Əlillik növünə görə təşkil olunur, adətən internet tipli olur) formasında təşkil edilir”.

APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin Sosial işin təşkili və statistika şöbəsinin müdiri Anar Xəlilov məlumat verib. O bildirib ki, Azərbaycanda əlilliyi olan uşaqların sayı 62 000 nəfər (ƏƏSMN məlumatına əsasən) təşkil edib. Onlardan 9355-i evdə təhsilə cəlb edilmiş uşaqlar, 2725-i yardımçı internet məktəblərinə cəlb olunmuş uşaqlar, 2558-i yardımçı məktəblərə cəlb olunmuş uşaqlar, 412-si qarışıq tipli internat məktəblərinin xüsusi siniflərinə cəlb olunmuş uşaqlar, 298-i inklüziv təhsilə cəlb olunmuş uşaqlar, 46 652-si təhsildən kənar qalmış əlilliyi olan uşaqlardır: “Əlilliyi olan insanların təhsilə cəlb edilməsi ilə bağlı üzləşdikləri maneələrə iqtisadi baxımından təhsildən mənfəətin olmaması, qeyri-müyəssər xidmətlər və materiallar, müəllimlərin xüsusi təhsil sahəsində bacarıqların olmaması, yardımçı avadanlıqların olmaması, tədris proqramının (kurikulum) uyğun olmaması, qanunvericilikdə “İnkluziv təhsil” anlayışının olmaması daxildir”.

Nazirlik rəsmisi qeyd edib ki, “2015-2022-ci illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanması nəzərdə tutulub: “Bu dövlət proqramının əsas vəzifələri bütün təhsil pilləri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb olunmasının təmin edilməsi məqsədilə mövcud qanunvericilikdə müvafiq dəyişiklərin edilməsi, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və təkmilləşdirilməsi, inklüziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması və digər məsələlər daxildir. Dövlət proqramının həyata keçirilməsində gözlənilən nəticələrə əsasən bütün təhsil pillələri üzrə təhsil müəssisələrinin infrastrukturunun sağlamlıq imkanları məhdud şəxslərin ehtiyacların uyğunlaşdırılması təmin ediləcək, onların informasiya əldə etmək imkanları yaradılacaq, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunma imkanlarının qiymətləndirilməi ilə bağlı yeni qaydalar tətbiq olunacaq, onların təhsil hüquqları barədə əhalinin məlumatlılıq səviyyəsi artacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR