Təhsil Problemləri İnstitutunda inklüziv və xüsusi təhsillə bağlı tədbir keçirilib - FOTO

Təhsil Problemləri İnstitutunda inklüziv və xüsusi təhsillə bağlı tədbir keçirilib - <span style="color: red;">FOTO
# 13 mart 2015 11:10 (UTC +04:00)

Hadı Rəcəbli: “Qanunvericilikdə inklüziv təhsillə bağlı müəyyən boşluqlar və bunu aradan qaldırmalıyıq”

Bakı. Könül Kamilqzı – APA. Bu gün Təhsil Problemləri İnstitutunda (ARTPİ) “İnklüziv və xüsusi təhsil: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən institutun direktoru Qulu Novruzov bildirib ki, dəyirmi masanın məqsədi müasir dövrdə ölkədə təhsil siyasətinin prioritet məsələlərindən biri sayılan xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması, onların keyfiyyətli təhsili üçün hüquqi bazanın yaradılması, inklüziv təhsilin tətbiqində real vəziyyəti, mövcud problemləri öyrənmək və beynəlxalq təcrübənin Azərbaycan təhsilinə inteqrasiyasıdır.

Q. Novruzov deyib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında “Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması, məktəbəqədər və ümumi təhsil müəssisələrinin təhsil verənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu gün Azərbaycanda 530 min əlil varsa, onların 64 mini uşaqlardır. Onun sözlərinə görə, təhlillər göstərib ki, əlil uşaqların təxminən 50%-ə qədəri 3 yaşa qədər olan həkim və valideyn nöqsanlarının qurbanıdırlar: “Sağlamlıq imkanları məhdud olan uşaqlarla işləmək tarixən savab iş hesab olunub. Son illər Təhsil Nazirliyində bu sahədə ardıcıl iş aparılıb. İnklüziv təhsil sisteminin özü Azərbaycan üçün yeni idi. Bu sistemin özünün dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda qurulması yeni istiqamət oldu və bu istiqamətdə zamanla addım-addım işlər görüldü. Bu gün Azərbaycanda bu sahədə müəyyən təcrübə əldə olunub. Bununla bağlı hüququ baza var, qanunlarda bu məsələ təsbit olunub. Amma onu da deməliyik ki, qanunvericilikdə müəyyən boşluqlar var. Qanunda xüsusi təhsillə bağlı hissədə kiçik düzəliş olmalıdır. Evdəki təhsillə xüsusi müəssisədə olan təhsil arasındakı ödəmədə fərq var və bunu aradan qaldırmalıyıq”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da bu sahədə əldə olunan uğurlarla yanaşı müəyyən problemlərin də olduğunu deyib.

A. Sofiyeva onu da bildirib ki, mütəxəssislərin bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir, ölkədə inklüziv təhsilin inkişafı vacib məsələdir və bu sahədə elmi yanaşmaya da ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR