Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun sərbəst vəsaitləri fonda illik 5%-dək gəlir qazandırır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun sərbəst vəsaitləri fonda illik 5%-dək gəlir qazandırır
# 29 aprel 2013 14:42 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycan banklarında fiziki şəxslərin cəmi əmanətləri 9,1% artaraq 5,213 mlrd. manata çatıb və ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 63%-ni təşkil etib ki, bu da ötən rüblə müqayisədə 2 faiz bəndi artım deməkdir. «APA-Economics»in məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının iclasının yekunu ilə bağlı Fonddan verilən məlumatda bildirilir.

Məlumata görə, I rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (5,2 mlrd. manat) 34%-ni (1,76 mlrd. manat) qorunmayan əmanətlər, 66%-ni (3,5 mlrd. manat) isə qorunan əmanətlər təşkil edib. Kompensasiya olunan əmanətlər ötən rüblə müqayisədə 73,2 mln. manat artaraq 1,612 mlrd. manata çatıb ki, bu da qorunan əmanətlərin 44,6%-ni təşkil edir. Qorunan əmanətlərin 58%-i manat, 38%-i ABŞ dolları, 4%-i isə avroda yerləşdirilib.

Hazırda Əmanətlərin Sığortalanması Fonduna 42 bank üzvdür, üzv banklar tərəfindən 4 801 574 əmanətçiyə xidmət göstərilir ki, onların da 4 562 048 nəfəri (95%) qorunan əmanətçidir. Hazırda Fondun sığorta ehtiyatları 51,3 mln. manat, cəmi aktivləri isə 59,7 mln. manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 28,5 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirlilik 4,6% təşkil edib. Fondun 5,0 mln. avro vəsaiti isə «Deutsche Asset & Wealth Management International» şirkəti vasitəsi ilə idarə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR