Azərbaycanda rəqəmli televiziya qəbulediciləri üzrə dövlət standartı təsdiqlənib

Azərbaycanda rəqəmli televiziya qəbulediciləri üzrə dövlət standartı təsdiqlənib
# 19 fevral 2013 09:22 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) İKT Texniki Komitəsi tərəfindən təqdim edilmiş AZS İEC 62216-2013 «DVB-T sistemi üçün yerüstü rəqəmli televiziya qəbulediciləri» dövlət standartını təsdiq edib. «APA-Economics»in məlumatına görə, standart martın 1-dən tətbiq ediləcək.

Bu beynəlxalq standart DVB-T (yerüstü rəqəmli televiziya yayım standartı) sistemləri üçün SD və HD qəbuledicilərinin xüsusiyyətlərini müəyyənləşdirir. Standart yayımçılara (yayım operatorları) və qəbuledici istehsalçılarına (idxalçılar) aiddir.

Standartın məqsədi qəbuledicilər tərəfindən yayım siqnallarını qəbul etmək, ötürülən axınların keyfiyyətini təmin etmək, qəbuledicilərdə yayımlara uyğun tələb olunan iş rejimini formalaşdırmaq və istehlakçıları keyfiyyətli yayımla təmin etməkdir.

Standartda qəbuledicinin imkanları, video və audio sistemin, həmçinin multipleks və ötürülən axınların xüsusiyyətləri, video görüntünün formatlaşdırılması, subtitrlər, radiotezlik hissəsi və kanal dekoderi, tətbiqi proqram interfeysi və s. ilə bağlı tələblər müəyyən olunub.

Komitədən verilən məlumata görə, bu standart əsasən yayımı rəqəmsal etmək üçün tətbiq edilən tünerlərin keyfiyyətində özünü göstərəcək: «Əslində rəqəmsal yayımı təmin etmək üçün Azərbaycanda qurulan infrastruktur beynəlxalq standartlara uyğundur. Sadəcə, bu standartın tətbiqi nəticəsində bəzi təkmilləşmələr həyata keçiriləcək. O cümlədən, tünerlərin idxalı zamanı bu standartın tələbləri tətbiq olunacaq».

Adi istehlakçılar və televiziya tamaşaçıları bu standartın tətbiqini televiziya verilişlərinin keyfiyyətinin yaxşılaşması və imkanlarının artması ilə his edəcəklər: «Bu standartın tətbiqi ilə videonun keyfiyyəti, subtitrlər, audioyayımın qəbulu və s. mümkündür».

Ümumilikdə, yeni standartın qəbulu Azərbaycanda elan edilmiş İKT ili çərçivəsində görülən tədbirlərin bir hissəsi olaraq qurulmuş infrastrukturun təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR