Şah Abbasın bağından reportaj - VİDEO

Şah Abbasın bağından reportaj - <span style="color: red;">VİDEO
# 23 may 2015 15:52 (UTC +04:00)

İranın Mazandaran vilayətində Səfəvi şahı I Şah Abbasın adı ilə bağlı çoxlu tarixi yerlər var. Səbəb isə şahın bu torpaqlarda saraylar, qəsrlər, məscid-mədrəsələr tikdirməsi, şəhərlər saldırmasıdır. Bir rəvayətdə Şah Abbasın bu yerlərə səfər etməsindən danışılır. Şah Behşəhrin cənub-şərqinə gəlir. Bu səfər burada yeni bağın salınmasına səbəb olur.

Səfəvi şahı I Şah Abbas bu ərazilərin gözəlliyini gördükdən sonra burada bağ saldırmaq qərarına gəlir. Bağ bir neçə hissədən ibarət olur. Gölün ortasında qəsr tikilir, hamam, qala və başqa tikililər də inşa edilir. Qəsr hazırda dağılıb, çox hissəsi suyun altında qalıb.

Abbasabad bağı hicri-qəməri təqvimlə 1021-1022-ci illərdə salınıb. Bağın salınmasında Səfəvi sənətkarları iştirak edib. Bağ Behşəhrin 9 kilometr cənub-şərqində yerləşir.

Bu ərazidə bağla birlikdə I Şah Abbas üçün saray kompleksi də tikilib. Bu kompleksə əsas saraydan əlavə 2 kərpic qala, su kanalı, xırda daşlardan salınmış yol, su dəyirmanı, su bəndi, çən, gölün ortasında yerləşən qəsr-saray və başqa tikililər daxil olub.

Bağı Səfəvi sənətkarları salıb. Çoxqatlı bağda ağac və kollarla yanaşı gül bağı da olub. Ərazisi 15 hektar olan bağ şəlalələrin üzərində tikilib. Şəlalədən axan su gölməçələrə dolur, sonra gil kanallar vasitəsi ilə aşağı qatlara axırmış. Suyun bu cür paylanması həm görünüş baxımından gözəl olub, həm də musiqi harmoniyası yaradıb.

Uzunluğu 100 metr, hündürlüyü 20 metr olan bənd 600000 kub metr su saxlamaq gücünə malikdir. Bəndin bünövrəsi 20 metr, üst hissəsi isə 8 metrdir. Saray kompleksinə daxil olan bütün tikililər daş və kərpicdən olmaqla sementlə hörülüb.

Hamam 160 kvadrat metr sahəyə malikdir. Bağın qərb hissəsində yerləşir. İsti, soyuq və ilıq su ilə təmin olunan hamam bir neçə otaqdan ibarət olub. Suyun daşınmasında gil borulardan istifadə olunub.

Abbasabad bağına hər il minlərlə yerli və xarici turist gəlir. İranın başqa bölgələrindən fərqli olaraq buranın təbiəti hər fəsildə fərqli olur. Meşə ilə örtülü dağların ortasında göl, gölün ortasında isə qəsr-sarayın olması bu yerləri daha da əsrarəngiz edib. Hazırda gölün ortasındakı bu tikilinin özül hissəsi qalıb. Bura gələn turistlərin ən yadda qalan xatirəsi qayıqla Abbasabad gölündə gəzmək, foto, video çəkmək olur.

Biz hazırda Abbasabad gölünün ortasındayıq. Bura isə Şah Abbasın gölün ortasında tikdirdiyi qəsr-sarayın qalıqlarıdır. Bu qəsr 3x4 ölçüdə 8 sütundan ibarət olub. I Şah Abbas saraydan çəkilən körpü ilə qəsrə gələr, gözəlliyi seyr edər, çay içərmiş.

Qeyd edək ki, Abbasabad bağı 2011-ci ildə UNESCO tərəfindən Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. Bağ həmçinin Abbasabad tarixi bölgəsi kimi tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR