Siyavuş Novruzov: “İndiki zamanda heç valideyn öz övladına cavabdeh ola bilmir, YAP Gülər Əhmədovaya necə cavabdeh olaydı?”

Siyavuş Novruzov: “İndiki zamanda heç valideyn öz övladına cavabdeh ola bilmir, YAP Gülər Əhmədovaya necə cavabdeh olaydı?”
# 14 fevral 2013 13:14 (UTC +04:00)

Gülər Əhmədovanın indiyə qədər niyə həbs olunmadığına aydınlıq gətirən Səyavuş Novruzov deyib ki, bunun üçün ilk növbədə onun cinayətkar olması müəyyənləşməli idi: “Avqust ayından başlayaraq bu işə baxılırdı. Məlum videomaterial ekspertlər tərəfindən tədqiq olunurdu və tədqiqat qurtarmamış da heç kəsi həbs etmək düzgün olmazdı. İlk növbədə onun cinayətkar olması müəyyən olunmalı idi ki, həbs edilsin”.

S. Novruzov deyib ki, G. Əhmədovanın konkret hansı formada cinayətkar olması məhkəmənin qərarından sonra məlum olacaq. G. Əhmədovanın öz statusundan, partiya mənsubiyyətindən istifadə edərək məlum dələduzluq faktında ittiham olunmasına münasibət bildirən YAP rəsmisi bildirib ki, bu məsələdə partiyanın G. Əhmədovanın törətdiyi əməllə heç bir əlaqəsi olmayıb: “Belə işlərdə hər kəs özünə cavabdehlik daşıyır. İndiki zamanda heç valideyn öz övladına cavabdeh ola bilmir, YAP Gülər Əhmədovaya necə cavabdeh olaydı? Hansı partiyanın üzvü olmasından asılı olmayaraq hamı qanun qarşısında eyni dərəcədə cavabdehlik daşıyır”.

Millət vəkili ABU-nun keçmiş rektoru, məlum videomaterialın müəllifi Elşad Abdullayevin həbs qərarının gecikmiş olması fikrinə də münasibət bildirib: “O həmişəki kimi mənasız və əhəmiyyətsiz bəyanatlar verir. İndi də nə danışır, danışsın”.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin bu ilin sentyabrında yaydığı qalmaqallı videomaterialdan sonra Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə başlamış cinayət işinin istintaqı davam etdirilir. G. Əhmədova cinayət işində təqsirləndirilən şəxs qismində tanınıb, dünən onun haqqında Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR