“Traktor” - “Əlcəzirə” görüşündə qaldırılmış plakat İranda narazılığa səbəb olub - FOTO

“Traktor” - “Əlcəzirə” görüşündə qaldırılmış plakat İranda narazılığa səbəb olub - <span style="color: red;">FOTO
# 01 mart 2013 03:49 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Fevralın 26-da Təbrizin “Traktor” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” klubu arasında keçirilmiş görüşdə üzərində ingilis dilində yazılmış “South Azerbaijan is not İran!” (Güney Azərbaycan İran deyil) plakat İranda ciddi narazılıqla qarşılanıb. APA-nın məlumatına görə, İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) və ölkənin ali dini lideri, ayətullah Xamneyiyə yaxınlığı ilə seçilən “Cavan” qəzetinin vebsəhifəsində (www.javanonline.ir) plakatın şəklini yayaraq xəbərdarlıqla çıxış edib: “Son 4 ildə Təbrizin “Səhənd” stadionunda səsləndirilən şüarlar qəbuledilməzdir və səlahiyyətli şəxslər bunun qarşısını almalıdır. Sayca az olan məlum şəxslərin stadiona gəlməməsi üçün “Traktor”un Asiya Çempionları Liqasi, hətta daxili çempionatdakı oyunları üçün tədbirlər alınmalıdır. Bu vəzifə ilk növbədə Şərqi Azərbaycan vilayətinin rəsmiləri, “Traktor” klubunun rəhbərliyi, daha sonra isə Təbriz əhalisinin üzərinə düşür. Əgər Şərqi Azərbaycan vilayətinin və “Traktor” komandasının separatçılıq meyllərinin qarşısı alınmasa, yerli camaatın istəyinə baxmayaraq bundan sonrakı oyunlar Təbrizdə deyil, başqa şəhərlərdə keçirilməlidir”.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktor”un "Əlcəzirə"ni 3:1 hesabı ilə məğlub etməsi İranın Azərbaycan vilayətlərində və azərbaycanlılar yaşayan digər şəhərlərdə əhali tərəfindən böyük coşqu ilə qeyd edilib. 72 min nəfərlik stadionu 100 mindən çox azarkeş dolduraraq 90 dəqiqə boyunca “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun istəməyən kor olsun!”, “Türk dilində mədrəsə!” şüarları səsləndirib, ingilis dilində “South Azerbaijan is not İran!” və “1992 Khojali Genocide” plakatlarını qaldırıblar. Stadiona gedə bilməyən azarkeşlər bazarlarda, dükan və emalatxanalarda oyunu televizordan izləyiblər.

“Traktor”un qələbəsi ilə sona çatan oyun bitən kimi on minlərlə azərbaycanlı azarkeş küçələrə axışaraq Azərbaycan xalq mahnıları sədası altında rəqs ediblər. Hətta avtomobil yollarında nəqliyyat dayandırılıb, Təbriz küçələri “Traktor” bayraqları ilə bəzəbilib. Bundan əlavə, azərbaycanlı azarkeşlər İranın Ermənistanla əlaqələrini genişləndirməsini kəskin şəkildə pisləyib, buna etiraz olaraq ərəb qrafikalı əski Azərbaycan əlifbasında “Qarabağ bizimdir, bizim olacaq!” şüarı yazılmış plakat qaldırıb, şüarlar səsləndiriblər. Nəticədə İran təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə edərək zor tətbiq edib və onlarla azərbaycanlı fəal həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR