Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 İyun

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 İyun
# 02 iyun 2016 18:38 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Təcrübə göstərir ki, iqtisadi münasibətlərdə tərəflərdən biri digərindən güclü olan təqdirdə, sanksiyalar effekt verir. Əgər münasibətlər sıxdırsa və təkcə iqtisadi sahəni deyil, siyasi, mədəni, sosial sahələri də əhatə edirsə, o zaman bir dövlətin digərinə sanksiya tətbiq etməsi imkansızdır. Türkiyə ilə Rusiyanın münasibətlərində bir daha bunun şahidi olduq. Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalar Ankaradan çox Moskvaya zərər verdi. Elə bu səbəbdən də Türkiyə-Almaniya gərginliyinin iqtisadi embarqolar səviyyəsinə yüksələcəyi imkansızdır. Almaniyada türk əsilli insanların 80 mindən çox müəssisəsi var, bu müəssisələrdə 400 min nəfər çalışır. Türk müəssisələrinin illik dövriyyəsi bir çox Avropa və postsovet məkanı ölkələrinin büdcəsindən də artıqdır. Eyni zamanda Türkiyədə 5 mindən artıq alman şirkəti fəaliyyət göstərir. Almaniya Türkiyənin ən böyük ticarət tərəfdaşıdır, Türkiyəyə hər il milyonlarla alman turist səfər edir və ölkənin turizm kassasına milyardlarla vəsait qoyub gedirlər. İndiki dönəmdə Türkiyənin alman məhsullarından imtina etməsi, alman şirkətlərinin fəaliyyətinə qadağalar qoyması, türk kapitalını alman iqtisadiyyatından geri çəkməsi faktiki olaraq mümkünsüzdür. Bu, iqtisadi intihara bərabər bir addım olardı. Deməli, qondarma “erməni soyqırımı”nın tanınması qərarı yalnız siyasi münasibətlərə təsir edəcək, həm də müvəqqəti. Səfirlər geri çağırılacaq, “Hey, Hitlerin torunları” tipli bəyanatlar veriləcək, aksiyalar keçiriləcək və sair. Ən əsası isə həm Almaniya, həm Türkiyə münasibətlərə xələl gətirən bu sayğısız qərarı unutdurmağa çalışacaqlar. Çünki günümüzün şərtləri və reallıqlar bunu tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR