Meksikanın paytaxtı Mexiko şəhərinin mərkəzi Zokalo meydanında ənənəvi “Dost Mədəniyyətləri Festivalı”nın (Feria de Las Culturas Amigas) keçirilir.
Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən xəbərə görə, festivalın təntənəli açılış mərasimində Mexiko şəhəri Hökumətinin başçısı (şəhərin meri) Xose Ramon Amiyeva, Mexiko şəhəri qanunverici orqanının üzvləri, Meksikada akkreditə olunmuş diplomatik korpus təmsilçiləri və KİV nümayəndələri iştirak edib. Azərbaycanı tədbirdə Meksikada səfirliyin müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.
2009-cu ildən başlayaraq ənənəvi olaraq həmrəylik və müxtəliflik şüarı altında Mexiko şəhəri Hökumətinin təşkilatçılığı ilə keçirilən bu Festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə Meksika əhalisinin tanış edilməsidir. Festivala ildən-ilə maraq artır və bu il doxsanadək ölkənin qatıldığı, iki həftə davam edəcək bu tədbirə dörd milyondan yaxın ziyarətçinin gəlməsi gözlənilir. Ənənəyə çevrilən bu Festival Meksikanın müxtəlif regionlarından, həmçinin xaricdən turistləri cəlb edir, onlar tərəfindən böyük maraqla qarşılanır.
Bildirilir ki, Azərbaycan Festivalın həm mədəniyyət həm də milli mətbəxlərə aid hissəsində təmsil olunur. Festivalın qonaqlarına Azərbaycan tarixi, xüsusilə müsəlman şərqinin ilk demokratiyası olan və bu il yaranmasının Yüzilliyi bütün dünya azərbaycanlıları tərəfindən böyük təntənə ilə qeyd olunan Azərbaycan Xalq Cümhuriyyəti barədə, həmçinin ölkəmizin mədəniyyəti və milli mətbəxi ilə bağlı məlumat verilir, video və çap materialları nümayiş etdirilir, kitabça və broşurlar paylanır, onlara Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadmaq imkanı təqdim olunur.
Festivalın çoxsaylı qonaqları Azərbaycan stendinə böyük maraq göstərirlər.