İranın rəsmi KİV-i: “Xalidə Xalid casusluq etdiyi və irqçiliyin təbliği ilə məşğul olduğu üçün həbs olunub”

İranın rəsmi KİV-i: “Xalidə Xalid casusluq etdiyi və irqçiliyin təbliği ilə məşğul olduğu üçün həbs olunub”
# 05 may 2013 16:29 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran dövlət televiziyasının rəsmi saytı (İRİB) Təbrizdə həbs edilən Azərbaycan vətəndaşı Xalidə Xalidin casusluq ittihamı ilə tutulduğunu yazıb. APA-nın məlumatına görə, İRİB X. Xalidin Təbrizə səfərini “siyasi oyun” adlandırıb.

Yazıda qeyd olunub ki, Təbrizə göndərilən Xalidə Xalid “irqçilik və casusluq istiqamətindəki təhrikedici fəaliyyətinə görə həbs edilib”. İRİB yazır ki, X. Xalidin həbsi ilə əlaqədar olaraq “Azərbaycanın bəzi dövlət orqanları və kütləvi informasiya vasitələri anti-İran təbliğatlarını bir daha təkrarlayırlar”.

Qeyd edək ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Bundan başqa, 4 yerli azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil.

Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar - Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfinə Azərbaycan vətəndaşların saxlanılması ilə bağlı nota təqdim edib. Hələlik İran tərəfindən notaya rəsmi cavab verilməyib.

Mayın 4-də isə İranın İSNA agentliyi Xarici İşlər Nazirliyinin rəsmisinə istinadən həbs edilən Azərbaycan vətəndaşlarının İrana turist qismində səfər etdiklərini bildirib: “Onlar qeyri-qanuni işlər görməkdə və əlaqələr qurmaqda təqsirləndirilirlər. Bu şəxslərə qarşı irəli sürülən ittihamlar hazırda İran Məhkəmə Sistemi tərəfindən araşdırılır”.

X. Xalidin övladları isə kömək üçün Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər. Müraciətdə o da qeyd olunub ki, X. Xalid İrana elmi ezamiyyətə gedib və övladları onun qonşu ölkənin siyasi təxribatının qurbanı olmasından narahatdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR