Azərbaycanın 2012-ci il dövlət büdcəsi profisitlə icra olunub

 Azərbaycanın 2012-ci il dövlət büdcəsi profisitlə icra olunub
# 02 fevral 2013 09:07 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, kollegiyada çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, ötən ildə ölkədə makroiqtisadi sabitliyə, qeyri-neft sektorunda yüksək artım sürətinə, dövlət büdcəsinin stabil icrasına nail olunub, əhalinin yaşayış səviyyəsi və pul gəlirləri, ölkənin valyuta ehtiyatları artıb.

İlkin məlumatlara əsasən, 2012-ci il icmal büdcəsinin gəlirləri 22,1 mlrd. manat və ya 101%, icmal büdcənin xərcləri 19,7 mlrd. manat və ya 94,4 faiz icra olunub.

Dövlət büdcəsinin mədaxili 17,3 mlrd. manat və ya 101,4%, xərcləri isə 17,1 mlrd. manat və ya 96,7% təşkil edib. Bununla da büdcə 0,2 mlrd. manatlıq profisitlə icra olunub.

Dövlət büdcəsi xərclərinin 55,3 faizi cari xərclərə, 43,4 faizi əsaslı xərclərə, 1,3 faizi isə dövlət borclarına xidmətlə bağlı xərclərə sərf edilib. Əvvəlik ilə nisbətən 2012-ci ildə dövlət büdcəsindən təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, kənd təsərrüfatı xərclərinə orta hesabla 8,7%-dək çox vəsait yönəldilib. Dövlət büdcəsindən sosialyönümlü xərclərə 4,7 mlrd. manat və ya 27,4% sərf edilib ki, bu da 2011-ci illə müqayisədə 7,9% çoxdur.

İclasda 2013-cü il dövlət büdcəsinin bütün parametrləri üzrə icrasının təmin olunması, vəsaitlərdən daha da səmərəli istifadə edilməsi və nəzarətin gücləndirilməsi, 2012-ci il dövlət büdcəsinin icrasına dair müvafiq qanun layihəsinin və yardımçı materialların hazırlanıb aidiyyəti üzrə təqdim olunması, 2014-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihəsinin vaxtında və daha da keyfiyyətlə hazırlanması üçün qanunvericiliklə qarşıya qoyulmuş vəzifələrin vaxtında yerinə yetirilməsinə dair tapşırıqlar verilib.

S.Şərifov 2012-ci ilin böyük sosial hadisəsindən - sovet əmanətlərinin qaytarılması prosesindən danışaraq bildirib ki, 2012-ci il iyun ayının 1-dən- 2013-cü il yanvar ayının 1-dək “Kapital Bank” ASC-nin struktur bölmələri tərəfindən 1 448 941 əmanət hesabı üzrə 554 711 000 manatdan çox vəsait fərdi birdəfəlik ödəmələr şəklində əmanətçilərə ödənilib. Həmçinin bildirilib ki, Azərbaycan prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiya tərəfindən müvafiq meyarlara uyğun olan və Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR