Prezident İlham Əliyev Bərdə rayonuna səfər edib - FOTOSESSİYA - YENİLƏNİB

Prezident İlham Əliyev Bərdə rayonuna səfər edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 12 mart 2015 20:43 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev Bərdə rayonuna səfər edib. APA-nın xəbərinə görə, dövlət başçısı əvvəlcə şəhərdə yeni salınmış Heydər Əliyev adına park-bulvarda Heydər Əliyevin abidəsini ziyarət edib.

Sonra prezident İlham Əliyev Heydər Əliyev adına park-bulvarın açılış mərasimində iştirak edib. Dövlət başçısı parkda ağac əkib, parkın ərazisini elektromobillə gəzib.

Prezident İlham Əliyevə tikilməsi nəzərdə tutulan Qarabağ dövlət tarix muzeyinin eskiz layihələri də təqdim olunub. Dövlət başçısı parkın ərazisində qorunan qədim körpü qalıqlarına baxıb. Prezident yeni park-bulvarın imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Daha sonra prezident İlham Əliyev Bərdədə 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

11 hektar sahəni əhatə edən yeni yaşayış kompleksində 588 mənzil, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdənin kommunikasiya şəbəkələrinə qoşulub. Kompleksin tikintisinə 2014-cü ilin iyun ayında başlanılıb və bu ilin mart ayında tam başa çatdırılıb. Yeni kompleks qaçqın və məcburi köçkünlər üçün salınmış 90-cı yaşayış kompleksidir.

Bundan sonra prezidenti İlham Əliyev Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub.

Qeyd edək ki, 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndələrindən olan Əhməd bin Əyyub Əl Hafiz Naxçıvani tərəfindən inşa olunmuş və hündürlüyü 12,5 metr olan türbənin yerüstü hissəsi üç əsas memarlıq quruluşundan ibarətdir.

Türbə daşdan hörülmüş kürsülük, dairəvi gövdə və çadırvarı günbəzdən, yeraltı hissəsində dəfn üçün ayrılmış sərdabədən, yerüstü hissəsi isə xatirə abidəsindən ibarət olub. Bolşeviklərin Azərbaycanı işğal etmələrindən sonra abidənin kitabələri dağıdılıb, üzərində ərəb əlifbası ilə yazılan sözlərin bir hissəsi silinib. Uzun illər baxımsız qalan türbənin qala qapıları uçub dağılmış, özü bərbad vəziyyətə düşmüş, həyətyanı sahədə ağaclar qurumuş və yaxud qırılıb məhv edilmişdi. Abidənin ərazisinin xeyli hissəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunaraq müxtəlif məqsədlər üçün istifadə edilirdi.

Bərpaçılar tarixi abidəni əzəli görkəminə qaytarmaq üçün qiymətli tikinti materiallarından istifadə edirlər. Həyətyanı sahədə abadlıq-tikinti işləri aparılır.

Daha sonra dövlət başçısı 1 nömrəli Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Məktəbin 32 sinif otağı və digər yardımçı otaqları var. Burada xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər, rəsm və rəqs şöbələri fəaliyyət göstərəcək, bir neçə ixtisas – tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, xanəndəlik üzrə dərslər keçiləcək. Məktəbin akt zalında rayon və respublika səviyyəli konsertlərin, musiqi müsabiqələrinin keçirilməsi mümkündür.

Prezident İlham Əliyev şagirdlərin ifasını dinləyib.

Daha sonra Bərdədə Qarabağ Aqrar Sənaye Parkı istifadəyə verilib. Dövlət başçısının səfəri ərəfəsində istifadəyə verilmiş Sənaye Parkının tərkibində 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavodu olan Aqrar Sənaye Parkının ümumi dəyəri 32 milyon manatdır. Bu müəssisələrin maliyyələşdirilməsinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20,4 milyon manat güzəştli kredit verilib. Qarabağ Aqrar Sənaye Parkında 300 nəfər daimi iş yeri ilə təmin olunub.

Prezident İlham Əliyev daha sonra Bərdəyə səfəri çərçivəsində Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun açılışında iştirak edib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısının 2014-cü il 14 avqust tarixli sərəncamı ilə bu yolun əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan rayon icra hakimiyyətinə 5,8 milyon manat vəsait ayrılıb. Hazırda 10 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirən 15,5 kilometr uzunluğunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi nəzərdə tutulan müddətdə başa çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR