“Amrahbank” “Elektron Hökumət”lə əməkdaşlığa başlayıb

“Amrahbank” “Elektron Hökumət”lə əməkdaşlığa başlayıb
# 04 may 2015 10:31 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Amrahbank” ASC ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən artıq bankın kredit müştəriləri onlayn şəkildə və ya bankın filiallarına gələrək kredit rəsmiləşdirilməsi üçün zəruri sənədləri, o cümlədən iş yerlərindən arayışlarını banka təqdim edə biləcəklər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə bankın filiallarında xüsusi avadanlıqlar quraşdırılmış, “Elektron hökumət” xidmətinin yüksək səviyyədə təşkili üçün portalın əməkdaşları tərəfindən bankın əməkdaşları arasında xüsusi təlim də keçirilib.

Müştəri www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə elektron arayışı formalaşdırır və banka göndərir. Elektron portala daxil olmaq üçün isə elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Müştərilər elektron portalda onlayn qeydiyyat xidmətindən istifadə etməklə kod parolunu ala bilərlər. Kod parolları, həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək mümkündür.

Bu xidmətin üstünlüyü nəticəsində müştərilər vaxtlarına maksimum dərəcədə qənaət edəcək, bankın işçiləri isə qərarların daha düzgün və daha tez verilməsinə nail olacaqlar.

1993-cü ildə təsis edilmiş “Amrahbank” Azərbaycanın ilk və aparıcı banklarından biridir. “Amrahbank” həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR