Müdafiə Sənayesi Nazirliyi İstanbulda keçirilən “IDEF-2015” sərgisində 184 adda məmulat nümayiş etdirir

Müdafiə Sənayesi Nazirliyi İstanbulda keçirilən “IDEF-2015” sərgisində 184 adda məmulat nümayiş etdirir
# 06 may 2015 14:35 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Mayın 5-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təmsil olunduğu “IDEF-2015” XII beynəlxalq müdafiə sənayesi sərgisinin açılış mərasimində müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, 1993-cü ildən başlayaraq, iki ildən bir keçirilən sərgidə Müdafiə Sənayesi Nazirliyi dördüncü dəfədir, qatılır.

İlk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatla “IDEF” sərgisinə qatılan Müdafiə Sənayesi Nazirliyi “IDEF-2015” sərgisində 184 adda məmulat nümayiş etdirir. Dünyanın 59 ölkəsindən 600-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.

“IDEF-2015” də nazirliyin əməkdaşları tərəfindən sərgiyə qatılan digər ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verilir və dəvətlər çatdırılır.

Sərginin ilk günü Yavər Camalovun sərgiyə qatılan Malaziya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Zulkifeli Bin Zain ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Malaziya arasında müdafiə sənayesi üzrə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb.

Mayın 8-dək davam edəcək sərgidə nazir Yavər Camalovun sərgiyə qatılan digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüşləri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR