Bakı Ali Neft Məktəbinin tələbələri Azərbaycanı Çində layiqincə təmsil ediblər

Bakı Ali Neft Məktəbinin tələbələri Azərbaycanı Çində layiqincə təmsil ediblər
# 03 iyun 2015 07:50 (UTC +04:00)

Bakı-APA. Baki Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri Fidan Səlimzadə və Ümid Tərlanlı 20-25 may tarixində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “Gələcək neft-qaz mühəndislərinin forumu”nda “SPE Azerbaijan”-ın (Neft-qaz mühəndisləri cəmiyyəti) sponsorluğu ilə iştirak ediblər.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, beynəlxalq tədbirə bir sıra tanınmış şəxslər, “SPE” təşkilatının prezidenti Natan Mihan, “SPE” Çin bölməsinin prezidenti Zanq Ley, həmçinin Avropa və Asiyanın, o cümlədən Avstraliyanın ali təhsil müəssisələrini təmsil edən tələbələr qatılıblar.

Forum çərçivəsində iştirakçılar üçün bir sıra tədbirlər təşkil olunub. Tələbələr öz ölkəsi, təmsil etdiyi ali təhsil müəssisəsi ilə bağlı təqdimatlarla çıxış ediblər. BANM-in III kurs tələbəsi, həmçinin “SPE”-nin BANM bölməsinin prezidenti Fidan Səlimzadə təqdimatla çıxış edərək təmsil etdiyi bölmə haqqında forum iştirakçılarını məlumatlandırıb. O, eyni zamanda, BANM-in fəaliyyətindən söz açıb, Ali Məktəbin beynəlxalq əlaqələri haqqında məlumat verib. Fidan Səlimzadə cəmiyyətin BANM-dəki fəaliyyətindən də danışıb. O, həmçinin “SPE”-nin digər bölmələrindən də söz açaraq, bu cəmiyyətin Azərbaycandakı ümumi fəaliyyəti haqqında geniş məlumat verib.

Təmsilçilərimiz forum çərçivəsində keçirilən müxtəlif yarışlarda iştirak ediblər, keçirilən “Neft-qaz mühəndisliyi üzrə bilik yarışı”nda BANM-ı təmsil edən komanda yarımfinala vəsiqə qazanıb.

Forum çərçivəsində keçirilən “Mədəniyyət günü”ndə Azərbaycan təmsilçiləri Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, adət-ənənələri, musiqisi, incəsənəti, milli dəyərləri, həmçinin Azərbaycan mətbəxi haqqında geniş məlumat veriblər. BANM-in Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ümid Tərlanlı tədbir iştirakçılarına Azərbaycan haqda geniş məlumat verərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda danışıb, Ermənistanın Azərbaycana qarşı qəsbkarlıq siyasətindən söz açıb. Bundan əlavə, o, Azərbaycanın qədim tarixi haqqında geniş məlumat verib.

Tədbirin bədii hissəsində Ümid Tərlanlı Azərbaycan milli rəqsini nümayiş etdirib. Azərbaycan milli musiqisi və rəqsi auditoriyada geniş maraq oyadıb, tədbir iştirakçıları bu çıxışı gurultulu alqışlarla qarşılayıblar. Tədbirdə, həmçinin Azərbaycan milli mətbəxinə aid müxtəlif nümunələr, şirniyyat təqdim olunub. Tədbirdə Azərbaycan təmsilçilərinin iştirakı tədbir iştirakçılarında böyük maraq oyadıb, onların Azərbaycanı daha yaxından tanımasına imkan yaradıb. Hətta bəzi xarici ölkə nümayəndələri gələcək beynəlxalq tədbirlər çərçivəsində Azərbaycana gələrək ölkəmizi daha yaxından tanımağa maraq göstərdiklərini də qeyd ediblər. Tədbirdə iştirak edən qonaqlar Azərbaycanın təqdimatının digər ölkələrdən daha maraqlı keçdiyini və bu ölkənin onlarda daha çox maraq oyatdığını bildiriblər.

Qeyd edək ki, tədbirdə ölkəmizin bəzi digər ali məktəblərinin tələbələri də iştirak ediblər.

Tədbir zamanı xarici tələbələrə Azərbaycanla bağlı suallar verilib və qalib gələn iştirakçılara Azərbaycanı xarakterizə edən müxtəlif hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR