2014-ci ildə 106 min Azərbaycan vətəndaşı Rusiyada əmək patenti alıb

2014-ci ildə 106 min Azərbaycan vətəndaşı Rusiyada əmək patenti alıb
# 10 dekabr 2014 14:02 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu 1 yanvar 2015-ci il tarixindən əmək miqrantları üçün yeni qaydaların tətbiqi ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən mətbuat konfransında Rusiya Federal Miqrasiya Xidmətinin Departament rəisinin müavini Dmitri Demidenko deyib.

Onun sözlərinə görə, əmək patenti əslində 2010-cu ildən tətbiq olunub. "Bu müddətdə əmək patentinin verilməsindən dövlət büdcəsinə 6 mlrd. rubl vergi ödənilib. 2014-ci ildə ümumilikdə 2 milyon 107 min xarici vətəndaş işləmək üçün əmək patenti alıb. Bunlardan 106 min nəfəri Azərbaycan vətəndaşlarıdır".

D. Demidenko miqrasiya qanunvericiliyinin tələblərini pozduqlarına görə ölkəyə girişinə qadağa qoyulan azərbaycanlı tələbələrin probleminə də aydınlıq gətirib. O bildirib ki, Rusiyaya girişinə yasaq qoyulan xarici vətəndaş kimliyindən və statusundan asılı olmayaraq, Federal Miqrasiya Xidmətinə qurumun rəsmi saytı vasitəsi ilə müraciət edə bilər: "Ölkəyə girişə yasaq qoyan fiziki şəxs, ya da şəxslər deyil. Bunu tənzimləyən vahid kompüter bazasıdır. Əgər həmin bazada tələbənin qanunu pozduğu qeyd olunubsa, o zaman kompüter avtomatik olaraq həmin şəxsin ölkəyə girişinə yasaqlayır. Kompüter həmin adamın tələbə olduğunu bilmir. Ona görə də Rusiya ərazisinə girişə qadağa qoyulan azərbaycanlı tələbələr ya FMX-nin rəsmi saytı, ya da qohumu vasitəsi ilə bizə müraciət edə bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR