Bakıda qisas məqsədilə iki nəfəri güllələyən şəxsin məhkəməsi başlayıb

Bakıda qisas məqsədilə iki nəfəri güllələyən şəxsin məhkəməsi başlayıb
# 21 noyabr 2014 12:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Kamil Fərəcovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib.

Prosesin baxış iclası isə noyabrın 25-nə təyin edilib.


Qeyd edək ki, avqustun 21-də Bakıda silahlı insident olub. Bir nəfər naməlum şəxs iki kişini güllələyərək qaçıb. Onlardan biri hadisə yerində keçinib, digər şəxs isə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, ov tüfəngi ilə 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayevi öldürən və 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyevi yaralayan şəxs Kamil Fərəcovdur. O, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar zamanı o da məlum olub ki, hadisəni törətməkdə şübhəli bilinən K.Fərəcov qətlə yetirdiyi Y.Musayevin atası Rabil Musayev tərəfindən iki il əvvəl bıçaqlanıb. Həmin hadisədə R.Musayev K.Fərəcovun qardaşı Rafael Fərəcovu boğazını kəsərək öldürüb. K.Fərəcov da qisas almaq məqsədilə R.Musayevin oğlunu qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR