Ötən ay gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 64 müəssisənin sahibi cərimələnib

Ötən ay gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 64 müəssisənin sahibi cərimələnib
# 15 iyul 2014 10:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin iyun ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 64 müəssisənin sahibi inzibati qaydada cərimələnib. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, 18 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 11 iş istintaq orqanına verilib, 20 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

İ. Abdullayev qeyd edib ki, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 318 yeyinti məhsulundan nümunə götürülüb, onlardan 8-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 420 nümunədən isə 10-da kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 72 nümunə götürülüb, ikisində nəticə qeyri-kafi olub. Ötən ay ərzində şadlıq evlərindən 1058 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 4 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

Bu ilin 6 ayı ərzində isə Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 291 müəssisənin sahibi inzibati qaydada cərimələnib. 76 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 57 iş istintaq orqanına verilib, 73 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

Ötən müddət ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 2482 yeyinti məhsulundan nümunə götürülüb, onlardan 54-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 2635 nümunədən isə 39-da kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 617 nümunə götürülüb, 2-si qeyri-kafi olub, radioloji göstəricilərinə görə isə 79 yeyinti məhsulu nümunələri laboratoriya müayinələrinə cəlb edilib.

Soyuq qəlyanaltılardan 10 nümunə, şadlıq evlərindən 7246 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 85 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR