Azərbaycan Silahlı Qüvvələrində qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri artıb

Azərbaycan Silahlı Qüvvələrində qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri artıb
# 25 yanvar 2013 12:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə hərbi prokuror Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2012-ci ildə görülmüş işlərin və cari ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

X. Vəliyev qeyd edib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi açılması təmin edilib: “2011-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 0,4 faiz, hərbi xidmət əleyhinə cinayətlər 1,5 faiz, o cümlədən tabelik qaydaları əleyhinə olan cinayətlər 6,7 faiz, hərbi xidmətdən yayınma 4,3 faiz, fərarilik cinayətləri 35 faiz, hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə cinayətləri 4,4 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 20 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 40,7 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 4,8 faiz, silahlı birləşmələrdə ölüm halları 2,3 faiz, o cümlədən qəsdən adam öldürmə 8,7 faiz azalıb. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib. Hərbi birləşmələrdə törədilən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrinin yaranması, habelə birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə, silahla və ya ətrafdakılar üçün təhlükə törədən əşyalarla davranış qaydalarını pozma, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri artıb. Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adam öldürmə və özünü öldürmə həddinə çatdırma cinayətlərinin qarşısının alınması məsələsi hər il olduğu kimi, ötən ildə də iki dəfə Respublika Hərbi Prokurorluğunun kollegiyasında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir. Cinayətlərin qarşısının alınması məqsədi ilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilmiş və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR