Vilnüsdə Bakı-2015 I Avropa oyunlarının təqdimatı keçirilib

Vilnüsdə Bakı-2015 I Avropa oyunlarının təqdimatı keçirilib
# 05 mart 2015 13:19 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Litvadakı səfirliyinin və Litva Olimpiya Komitəsinin təşkilatçılığı ilə Vilnüs şəhərində Bakı-2015 I Avropa oyunlarının təqdimatı keçirilib.

Azərbaycanın Litvadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirə Litvanın baş naziri Alqirdas Butkyaviçüs, Seymin üzvləri, Litvanın Bədən Tərbiyəsi və İdman Departamentinin baş direktoru Eddis Urbonaviçüs, Litva Olimpiya Komitəsinin prezidenti, Litvanın ictimai-siyasi və idman xadimləri, tanınmış idmançılar iştirak ediblər.

Tədbirdə çıxış edən A. Butkyaviçüs Azərbaycanla Litva arasında iqtisadi və humanitar sahələrdə mövcud olan dərin münasibətlərdən məmnun olduğunu qeyd edərək, Azərbaycan prezidenti İlham Əliyevlə bir il ərzində 5 dəfə görüşdüyündən fərəh duyduğunu vurğulayıb. Baş nazir hökumət rəhbəri kimi Litva bayrağının Bakıda qaldırılmasının onun üçün vacib olduğunu bildirib və idmançılara uğurlar arzulayıb.

Azərbaycan səfiri Həsən Məmmədzadə isə İ Avropa oyunlarının başlanmasına artıq 100 gün qaldığını qeyd edərək, Azərbaycanın 1996-cı ildən başlayaraq olimpiya oyunlarında iştirak etdiyini və bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirib. O, qısa bir zamanda idmançılarımızın böyük nailiyyətlər əldə etdiyini və son yay olimpiya oyunlarında Azərbaycan milli komandasının 10 medal qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizin müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübəyə malik olduğunu qeyd edən səfir bildirib ki, dövlət tərəfindən idmanın inkişafına verilən dəstək, mövcud olan idman infrastrukturu və ölkənin ümumi sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi bu oyunların məhz Azərbaycanda keçirilməsinə dair qərar verib. Sonda səfir I Avropa oyunlarının Avropanın idman tarixində yeni səhifələr açacağına əmin olduğunu deyərək, tədbir iştirakçılarını oyunları canlı izləmək üçün Bakıya dəvət edib.

Litvanın Bədən Tərbiyəsi və İdman Departamentinin baş direktoru Eddis Urbonaviçüs isə bildirib ki, həqiqətən də I Avropa oyunları böyük çağırış və perspektivdir. O, yarışın gələcəkdə də yüksək səviyyədə keçməsi üçün başlanğıcın vacib olduğunu qeyd edərək, azərbaycanlı həmkarlarına I Avropa oyunlarının hazırlığında və keçirilməsində müvəffəqiyyətlər arzulayıb.

Avropa oyunları haqqında videoçarx nümayiş etdirildikdən sonra çıxış edən Litva Olimpiya komitəsinin prezidenti Dayna Qudzinaviçute Litva idmançılarının intensiv olaraq I Avropa oyunlarına hazırlaşdıqlarını vurğulayıb. O, Azərbaycan tərəfindən Avropa oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə əmin olduğunu bildirib, idmançılara uğurlar arzulayıb.

Sonda tədbir iştirakçılarına ziyafət verilib və Litvanın tanınmış şou-biznes nümayəndələrinin iştirakı ilə konsert keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR