Emin Şəkinskinin həyat yoldaşı və övladlarının ölkədən qaçmalarına kömək edən şəxslər apellyasiya şikayəti veriblər

Emin Şəkinskinin həyat yoldaşı və övladlarının ölkədən qaçmalarına kömək edən şəxslər apellyasiya şikayəti veriblər
# 17 sentyabr 2015 13:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gülnarə Şəkinskayanın və övladlarının sərhədi qanunsuz keçmələrinə köməklik göstərməkdə, saxta sənədlər düzəltməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslər barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

APA-nın məlumatına görə, apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. Şikayət üzrə məhkəmənin başlama vaxtı yaxın vaxtlarda məlum olacaq.

Təqsirləndirilən şəxslər apellyasiya şikayətlərində barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İttiham aktına görə, təqsirləndirilən şəxslər Saçlı Həsənova, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov, Pənah Dadaşov və Ənnab İsgəndərovadır.

Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskilərin dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G. Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manatı oğurlayıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunublar.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.

Onların cinayət işi ayrıca icraata verilib. Hazırda həmin cinayət işi üzrə ibtidai istintaq aparılır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilənlərdən Namiq Camalov 8 il, Pənah Dadaşov və Raqub İsbəndiyarov hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlərə - Saçlı Həsənova, Zeynəb Cəfərova, Şəfiqə Bağırova,Rəvanə Dadaşova, Günel Hüseynova 1 il, Pərvin Dadaşov, Tahir Hüseynov, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə 1 il 3 ay müddətinə şərti cəza verilib. Təqsirləndirilən şəxslərdən şərti olaraq azadlıqdan məhrum edilmiş şəxslər apellyasiya şikayəti verməyiblər.

Qeyd edək ki, Emin Şəkinski Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR