İranda 5 ərəb edam edilib

İranda 5 ərəb edam edilib
# 03 may 2013 02:07 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Xuzistan vilayətində gizli edam həyata keçirilib. APA-nın məlumatına görə, bu barədə əl-Əhvaz Demokratik Xalq Cəbhəsinin İnformasiya Mərkəzi xəbər yayıb. Məlumatda bildirilir ki, 5 nəfər məhbus qətldə günahlandırılaraq dara çəkilib. Milliyyətcə ərəb olan məhbusların ad və soyadları da açıqlanıb. Bunlar Məhəmməd Şərhani, Heydər Bərvayə, Fərəc Şərhani, Novruz Əyaşi və Bahadur Cəlalidir. Məhbuslar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 28-də səhər saatlarında Əhvaz şəhərinin Karun həbsxanasında icra edilib. Ancaq bununla bağlı onların ailələrinə heç bir məlumat verilməyib.

Əl-Əhvaz Demokratik Xalq Cəbhəsinin İnformasiya Mərkəzi həmçinin gələn həftə daha 5 ərəb fəalının edam ediləcəyi barədə xəbər yayıb. Hazırda həmin siyasi məhbuslar Əhvaz şəhərinin Karun həbsxanasında saxlanılır. Bunlar Əhvaz Çəmran Universitetinin tələbəsi, şair, blogger və ərəb dili və ədəbiyyatı müəllimi Haşim Şabaninejad, kimya müəllimi Hadi Raşidi, İsfahan Texnologiya Universitetinin islami tələbə assosiasiyasının keçmiş üzvü, tələbə fəalı, blogger Məhəmmədəli Əmurinejad, həmçinin Cabir və Muxtar Albuşukədir. Onlar 2011-ci ildə Əhvaz şəhərində 2005-ci ildə baş vermiş hadisələrin ildönümü münasibətilə keçirilmiş aksiyalar zamanı həbs ediliblər. Əraq İnqilab Məhkəməsinin ikinci şöbəsi məhbusları Allaha qarşı müharibədə, hakimiyyət əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyə xələl vurmaqda günahlandıraraq edam cəzasına məhkum edib. Artıq qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, ikisi qadın olmaqla 4 nəfər Dezful, 4 nəfər Kirman, 3 nəfər Bəm, 3 nəfər Urmiya, 2 nəfər də Vəramin şəhərində dara çəkilib. Bu həftə isə 1 nəfər Zahidan şəhərində edam edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR