Türkiyəli iş adamı Bakıda döyülərək qarət edilib

Türkiyəli iş adamı Bakıda döyülərək qarət edilib
# 24 aprel 2013 12:02 (UTC +04:00)

Bu barədə APA-ya Xətai rayon Polis İdarəsindən bildirilib.

Hadisə aprelin 23-dən 24-nə keçən gecə, saat 05.00 radələrində Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb. Azərbaycanda bizneslə məşğul olan, Türkiyə vətəndaşı Sezgin Yılmaz naməlum şəxslərin hücumuna məruz qalması, nəticədə döyülərək qarət edilməsi barədə polisə məlumat verib. Naməlum şəxslər türkiyəli biznesmeni döyərək 5500 Avro, 1400 AZN pulunu və mobil telefonunu da alaraq hadisə yerindən qaçıblar.

Hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində iş adamına qarşı quldurluq törətməkdə şübhəli bilinən 3 nəfər – Şirvan rayon sakini 25 yaşlı Ruslan İslamov, Xətai Rayon sakini 26 yaşlı Elnur Əliyev və Bakı şəhər sakini 25 yaşlı Şahanə Hacıyeva saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, Sezgin Yılmaz paytaxtda yerləşən gecə barlarının birində yuxarıda adı çəkilən Ş. Hacıyeva ilə tanış olub. Türkiyəli iş adamının xeyli miqdarda pulunun olduğunu görən Ş. Hacıyeva əylənmək üçün onunla birgə başqa yerə getməyə razılıq verib. Ş. Hacıyeva planlaşdırdığı kimi yolda olarkən tanışları – R. İslamov və E. Əliyevə xəbər verərək onları NZS qəsəbəsinə dəvət edib. Nəticədə onlar Sezgin Yılmazı döyərək qarət ediblər.

Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR