Təltif olunan jurnalistlər: "Bu, dövlət başçısının sözə, mətbuata verdiyi dəyərdir" - VİDEO

Təltif olunan jurnalistlər: "Bu, dövlət başçısının sözə, mətbuata verdiyi dəyərdir" - <span style="color: red;">VİDEO
# 21 iyul 2015 17:19 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev milli mətbuatımızın 140 illik yubileyi ilə əlaqədar bir qrup media nümayəndələrini fəxri adlarla təltif edib. Təltif edilən jurnalistlər sırasında "APA Holding"in də əməkdaşları var.

"Tərəqqi" medalı ilə təltif olunan "APA Holding"in Direktorlar Şurasının sədri, APA informasiya Agentliyinin baş direktoru Nurşən Quliyev deyir ki, əməyinin dəyərləndirilməsinə hər kəs sevinər və bu gün aldığı yüksək qiymət də onun illərlə Azərbaycan jurnalistikasına verdiyi əməyin bəhrəsidir: "Dostlarımdan, həmkarlarımdan, bir çox insanlardan təbriklər alıram. Amma mənim üçün ən böyük təbrik müəllimlərimdən aldığım təbriklərdir. Bəzi müəllimlərim telefon nömrəmi tapıb zəng edirlər, təbriklərini çatdırır, onların etimadını doğrultduğum, zəhmətlərini itirmədiyim üçün təşəkkürlərini bildirirlər. Mənim üçün ən böyük təbrik müəllimlərimin təbrikidir. Zəhmətimizi qiymətləndirənlərə minnətdarlığımı bildirirəm".

Əməkdar jurnalist, "APA Holding"ə daxil olan Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu isə hesab edir ki, ölkə başçısı tərəfindən jurnalistlərə verilən dəyər dövlətin jurnalistika siyasətinin bir hissəsidir: "Fəxri ad alan jurnalistlər arasında xeyli sayda tanıdığım insanlar var ki, bu mükafat onların illərdir verdiyi zəhmətin qarşılığıdır. Düzdür, biz peşəmizi ona görə yerinə yetirmirik ki, kimsə bizə buna görə minnətdarlıq etsin. Amma işin öhdəsindən necə gəlməyinin də ortada bir göstəricisi olmalıdır ki, insanlar bu işin doğru olub-olmadığının fərqində olsun. Fəxri ad və mükafat alan bütün dostlarımı təbrik edirəm. Xüsusilə də milli mətbuatın yaranmasının 140 illik yubileyi münasibətilə təbrik edirəm. Çünki biz cəmiyyətin çox böyük və ciddi bir institutu haqqında danışırıq. Hesab edirəm ki, mətbuat sadə bir institut deyil. Mətbuatın tarixinin 140 ilə çatması bizə bir çox şeylərdən xəbər verir".

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, milli mətbuatın 140 illik yubileyi münasibətilə prezident tərəfindən "əməkdar jurnalist" fəxri adı ilə təltif edilməsi böyük əhəmiyyət kəsb edir. O hesab edir ki, əgər istənilən bir yazar peşəsini layiqincə yerinə yetirib ölkəsinə xidmət edirsə, onun hansı düşərgədə olmasından asılı olmayaraq, fəaliyyəti qiymətləndirilməlidir. Ölkə başçısı isə hər hansı bir fərq qoymadan onu mükafatlandırıb: "Hesab edirəm ki, məsələyə obyektiv yanaşsaq, bu, bir dövlət əhəmiyyətli aksiyadır. Ona görə ki, Azərbaycanda düşərgələr arasındakı sərhədlər gözlə görünəcək səviyyədədir. Azərbaycan prezidenti qarşısına gələn siyahıdan ömrünün 26 ilini tənqidi jurnalistikaya həsr eləmiş, onun da 22 ilini məhz onların hakimiyyəti dövründə fəaliyyət göstərən bir jurnalistin adını siyahıdan çıxartmayıb, əksinə, ona fəxri ad verir və təltifini də özü həyata keçirirsə, bu, indiki zamanda Azərbaycan dövlətçilik ənənələrinin təbliği baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda prezident iqtidarın başında dayanmasına baxmayaraq, müxalifətdə olan tənqidi mediaya da bu diqqəti ayırır və fərq qoymadan əlini sıxır. Bu isə hesab edirəm ki, bizim düşərgəyə təsir etməlidir".

"Tərəqqi" medalı ilə təltif olunan jurnalistlərdən daha biri - İctimai Televiziyanın İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinin direktor müavini Anar Yusifoğlu isə 20 illik zəhməti, əməyini qiymətləndirən dövlətinə və ölkə prezidentinə dərin minnətdarlığını və təşəkkürlərini bildirib: "Fəaliyyətim boyu hər zaman çalışmışam ki, jurnalistika prinsiplərinə riayət edim. Hesab edirəm ki, buna nail olmuşam. Fəaliyyətimin ölkənin birinci şəxsi - prezident tərəfindən qiymətləndirilməsi mənim üçün də qürur və böyük məsuliyyətdir. Prezident hər zaman mətbuata qayğı və diqqət göstərib. Bütün bunlar dövlət başçısının jurnalistikaya, sözə, mətbuata verdiyi dəyərdir. Dəyərləndirilmək isə xoş hislər və duyğulardır. Mən bu duyğunu yaşayıram və layiq olan həmkarlarıma da bu sevinci yaşamağı arzulayıram".

APA TV milli mətbuatın 140 illik yubileyi münasibətilə təltif olunan həmkarlarımızı təbrik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR