Karnegi Fondunun Rusiya və Avrasiya üzrə direktoru: “ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsindən söhbət gedə bilməz”

Karnegi Fondunun Rusiya və Avrasiya üzrə direktoru: “ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsindən söhbət gedə bilməz”
# 02 aprel 2013 15:50 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. “Cənubi Qafqaz ABŞ və Rusiya üçün böyük maraqların olduğu vacib məkandır”. Bu fikirləri APA-nın Moskva müxbirinə müsahibəsində amerikalı diplomat, Karnegi Fondunun Avrasiya və Rusiya üzrə direktoru Ceyms Franklin Kollinz bildirib.

Onun sözlərinə görə, ABŞ regionun bütün dövlətləri ilə ciddi və geniş münasibətlər qurmaq fikrindədir: “ABŞ regionun enerji resurslarının emalı və daşınmasında Azərbaycanla əməkdaşlıq edir. Bu əməkdaşlıq ticarət və digər sahələrdə də aparılır. Bu onu göstərir ki, ABŞ-ın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda marağı ciddi və böyükdür.

Regionda ABŞ və Rusiyanın maraqları üst-üstə düşmür. Ancaq buna elə də mübahisəli məqam demək olmaz. Siyasi cəhətdən ABŞ-la Rusiyanın Cənubi Qafqaz regionunda da elə də böyük mübahisəli problemi yoxdur. Rusiya ilə ABŞ regionun enerji sahəsində rəqibdirlər. O biri sahələrdə demək olar ki, mübahisə doğuracaq maraqlar azdır. Bu normal haldır”.

Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın yetərincə səy göstərmədiyi barədə sualı cavablandıran Ceyms Kollinz bildirib ki, regionda münaqişənin olması Cənubi Qafqaz ölkələrinin inkişafını ləngidir: “Münaqişənin həlli ancaq və ancaq Azərbaycan və Ermənistan liderlərinin iradəsindən asılıdır. Təəssüflər olsun ki, onlar münaqişənin həlli yolunda vahid fikrə, razılığa gələ bilmirlər. Mən bu problemlə məşğul olan bir insan kimi deyə bilərəm ki, bu gün bu problemin həlli qeyri-region ölkələrindən asılı deyil. Regiondan kənarda olan ölkə bu problemi həll edə bilməz. Əgər münaqişə tərəfləri razılığa gəlsələr, onda digər ölkələr onlara kömək edə bilər”.

Ceyms Kollinz ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycanda “facebook inqilabı”na 2 milyon dollar vəsait ayırması barədə iddiaları və ABŞ-Azərbaycan münasibətlərin belə şərh edib: “Azərbaycanla ABŞ arasında münasibətlərin pisləşməsindən söhbət gedə bilməz. Bəli, problemlər mövcuddur. Amma bu o demək deyil ki, iki ölkə arasında münasibətlər kəskinləşib və ya pisləşib. Milli Demokratiya İnstitutunun fəaliyyətinə ABŞ dövləti cavabdeh deyil. Milli Demokratiya İnstitutu özəl təşkilatdır və bu təşkilatın fəaliyyəti ABŞ və Azərbaycan arasında münasibətlərə təsir edə bilməz”.

Qeyd edək ki, Ceyms Franklin Kollinz təcrübəli diplomatdır. O, ABŞ Dövlət Departamentində Latın Amerikası və Avropa üzrə icraçı katibin müavini, Avropa və Kanada bürosunun dövlət və siyasi mövqe mərkəzinin direktoru vəzifələrində çalışıb. 1997-2001-ci illərdə isə ABŞ-ın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri olub. 2007-ci ildən Karnegi Fondunun Rusiya və Avrasiya üzrə direktoru vəzifəsində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR