Lənkərana bir gündə aylıq normanın 73 faiz miqdarında yağıntı düşüb

Lənkərana bir gündə aylıq normanın 73 faiz miqdarında yağıntı düşüb
# 12 sentyabr 2012 07:54 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Sentyabrın 11-də Azərbaycanın Lənkəran rayonunda leysan xarakterli yağış çaylarda sululuğun səviyyəsinin artmasına səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeorologiya Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, ötən gün rayona 123 mm miqdarında yağıntı düşüb ki, bud a aylıq normanın 73 faizini təşkil edir. Çaylarda sel təhlükəsi qeydə alınmasa da, sululuğun səviyyəsinin qalxdığı müşahidə olunub. Belə ki, Lənkərançayda suyun səviyyəsi gün ərzində 279 santimetr, Viləşçayda isə 220 santimetr artıb.

Yağan leysan xarakterli yağışlar nəticəsində Lənkəran rayonunun Əşlə kəndində Lənkərançayının daşması nəticəsində çayı keçmək istəyən 1 nəfər kənd sakini köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri həmin şəxsi kəndir vasitəsilə çaydan çıxarıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeorologiya Hissəsindən APA-nın yerli bürosuna sentyabrın 13-dək havanın qeyri-sabit keçəcəyi bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR