Sentyabrın 17-dən Bakı Metropoliteni payız qrafikinə keçir

Sentyabrın 17-dən Bakı Metropoliteni payız qrafikinə keçir
# 14 sentyabr 2012 09:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yeni tədris ilinin başlaması ilə Bakı Metropolitenində qatarların payız qrafiki üzrə hərəkətinin təşkil edilməsinə başlanacaq.

Bakı Metropolitenindən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar sentyabrın 17-dən qatarlar arasında intervallarda bəzi dəyişikliklər ediləcək.

Yeni qrafikə əsasən, «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə qədər azaldılacaq. Buna uyğun olaraq «28 May» stansiyasından «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq, yəni 4 dəqiqə təşkil edəcək. Qeyd edək ki, yay dövründə qatarların hərəkət intervalı 2,5 dəqiqəyə bərabər olub.

Günün digər vaxtlarında qatarlar «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5-3 dəqiqə intervalla hərəkət edəcəklər. Həmin vaxtlarda «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında interval iki dəqiqə artıq, yəni 5-6 dəqiqəyə bərabər olacaq.

«Həzi Aslanov» stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız “Bakmil”-“N.Nərimanov” yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq edilir. Yeni qrafik gələn ilin iyul ayına qədər etibarlı olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR