Sentyabrın 6-da Bakı Metropoliteninin “20 Yanvar”-“Dərnəgül” xətti yenidən bağlanacaq

Sentyabrın 6-da Bakı Metropoliteninin “20 Yanvar”-“Dərnəgül” xətti yenidən bağlanacaq
# 04 sentyabr 2012 12:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Sentyabrın 6-da saat 22:00-dan sentyabrın 10-u saat 06:00-dək yeni - Bənövşəyi xəttin tikinti işləri ilə əlaqədar Bakı Metropoliteninin “20 Yanvar”-“Dərnəgül” sahəsi bağlanacaq.

Bakı Metropolitenindən «APA-Economics»ə verilən məlumata görə, həmin müddət ərzində “20 Yanvar”-“Dərnəgül” və əks istiqamətdə qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların («20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül») xidmətindən istifadə edə bilməyəcək: «Həmin müddət ərzində qeyd olunan istiqamətlərdə hərəkət etmək üçün sərnişinlərdən digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur».

Bu müddət ərzində Bakı Metropoliteninin qatarları “Həzi Aslanov”-“İçərişəhər” və “Həzi Aslanov”-“İnşaatçılar” istiqamətlərində və əksinə olmaqla hərəkət edəcək: «Bakı Metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir».

Qeyd edək ki, avqustun 9-da saat 22:00-dan etibarən Bakı Metropoliteninin müvəqqəti bağlanmış «20 Yanvar»-«Dərnəgül» sahəsinin fəaliyyəti avqustun 13-ü saat 06:00-da bərpa olunub.

Xatırladaq ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin 18 mart 2011-ci ildə imzaladığı «Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi» və «Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq Bənövşəyi xəttin «Memar Əcəmi-2» stansiyası 2013-cü ildə istismara verilməlidir. Hazırda həmin xəttin «Memar Əcəmi-2» və Ceyhun Səlimov küçəsində yerləşən «B-3» stansiyaları arasındakı tunellər inşa olunur. Bu tunel istismarda olan Yaşıl xəttin «Memar Əcəmi» stansiyasının altından keçəcək. Layihəçi və tikintini aparan təşkilatlar inşaat işlərinin risksiz yerinə yetirilməsi və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətdə qatarların hərəkətinin dayandırılmasını təklif ediblər. Bu cür üsullar tunel tikintisində geniş tətbiq olunur və bu zaman əsas vəzifə məhz sərnişinlərin təhlükəsizliyidir.

Onu da əlavə edək ki, hazırda Bənövşəyi xəttinin «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyalarının inşası davam etdirilir. Bu iki stansiya arasındakı hər biri 2 min metr olmaqla tunellərin tikintisi müasir tunelqazma qurğuları vasitəsilə tamamlanıb. Hazırda tunelqazma qurğularının «B-3» stansiyası (Ceyhun Səlimov küçəsi) istiqamətində hərəkət etməsi üçün məhz iki xətt arasındakı qeyd olunan hissə qazılaraq keçilməlidir.

İnşa olunan «Memar Əcəmi-2» stansiyası Bənövşəyi xətdən Yaşıl xəttin «Memar Əcəmi» stansiyasına keçid funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR