Azərbaycanda pensiya ödəmələri 36% artıb

Azərbaycanda pensiya ödəmələri 36% artıb
# 08 avqust 2012 10:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1 517,4 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 37,9% çoxdur. Fondun mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə icbari dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 14,6% artaraq 785,0 mln. manat təşkil edib.

İcbari dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,9%-i və ya 462,3 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 17,2% artıb, proqnoz isə 108,5% icra olunub.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 11,8%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 17,8% artıb.

Bu ilin yanvar-iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 322,7 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1% artıb.

Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,1 mln. manat təşkil edib.

Yanvar-iyul aylarında Fondun xərcləri 1 421,7 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 395,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 34,9% çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 36,0% artaraq 1 362,9 mln. manat təşkil edib. Yanvar-iyul aylarında əhaliyə 32,6 mln. manat məbləğində müavinət ödənilib.

Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 26,2 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 3,9% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR