İran prezidenti ABŞ və qərb ölkələrini tənqid edib

İran prezidenti ABŞ və qərb ölkələrini tənqid edib
# 17 avqust 2012 14:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran prezidenti Mahmud Əhmədinejad Ümumdünya Qüds Günü münasibətilə Tehran Dövlət Universitetində çıxışı zamanı ABŞ və qərb ölkələrini tənqid atəşinə tutub. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, İran prezidenti bildirib ki, başlanğıc olan “Ərəb baharı”nın davamında “Qərb və ABŞ baharı” da yoldadır: “Qərb ölkələrinin siyasi xəttini yürüdən bəzi bölgə ölkələrinin düşmənlərlə dostluq etməsi onların adına ləkədir”.

İran prezidenti deyib ki, İsrailin sui-qəsdlərinə qarşı ayıq olmaq lazımdır: “İsrail Yaxın Şərq hövzəsini işğal etmək üçün bir vasitədir. Yeni Orta Şərqmi istəyirsiniz? Biz də istəyirik. Ancaq yeni Orta Şərqdə ABŞ və İsrail olmayacaq. Bu qeyri-legitim rejimin mövcudluğu bütün bəşəriyyətə qarşı həm hörmətsizlikdir, həm də bütün xalqların şəxsiyyətinə xələl gətirir. Hazırda İsrailə və onun mövcudluğuna qarşı mübarizənin aparılması bütün insanların hüququnu qorumaq və bütün bəşəriyyəti işğal, zülm, yoxsulluq və bədbəxtliklərdən qurtarmaq üçün yol açmaqdır”.

M. Əhmədinejad Fələstin torpaqlarını işğal etdiyi üçün İsraili “xərçəngli şiş”i adlandıraraq, qərbin bu ölkəyə verdiyi dəstəyə maneə törədilməsi üçün bütün müsəlmanlara birlik çağırışı edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR