Bişkekdə “Prezident İlham Əliyev” 3 cildliyi nəşr olunub

Bişkekdə “Prezident İlham Əliyev” 3 cildliyi nəşr olunub
# 28 avqust 2012 07:34 (UTC +04:00)
Bakı-APA. Qırğız prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında səfirliyin mətbuat katibi İlkin Abbasəliyev, Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov, “Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi”nin prezidenti Cəbi Rəsulov, “Xəzər” ictimai birliyinin prezidenti Ziyyəddin Hüseynov, Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru professor Tursunova Sultanat Askarovna və digər şəxslərin iştirakı ilə görüş keçirilib. Azərbaycanın Qırğızıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşün əsas məqsədi səfirliklə birlikdə Qırğızıstanda Türkdilli dövlətlərin siyasətinə dəstək fondu tərəfindən nəşr etdirilmiş və avqustun 28-də “Hayyat Regensi Bishkek” hotelində təqdimatı planlaşdırılan “Prezident İlham Əliyev” üç cildliyinin Qırğızıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına hədiyyə olaraq verilməsi olub.

Görüş zamanı qonaqları salamlayan Tursunova Sultanat Askarovna Azərbaycanla Qırğızıstan münasibətlərinə toxunub, səfirlik və fond tərəfindən akademiyanın kitabxanasına təqdim edilmiş “Prezident İlham Əliyev” üçcildliyinə görə öz minnətdarlığını bildirərək qeyd edib ki, hədiyyə edilmiş kitablar akademiyanın geniş oxuyucu kütləsi üçün böyük maraq kəsb edəcək. Öz növbəsində səfirliyinin mətbuat katibi İlkin Abbasəliyev bildirib ki, son vaxtlar ölkələr arasında əməkdaşlıq imkanları genişlənib.
Sonra İ. Abbasəliyev qeyd edib ki, bu üç cildlik müstəqil Azərbaycanın son illərdə siyasi, iqtisadi, mədəni, humanitar, idman sahəsində əldə etdiyi nailiyyətləri və ən əsası olan dövlət quruculuğu yollarını və prinsiplərini öyrənilməsi üçün yaxşı bir dərslik ola bilər.

Görüşün sonunda Səfirliyin, Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun, “Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi”nin, “Xəzər” ictimai birliyinin adından akademiyaya Bişkekdə rus dilində çap edilən “Prezident İlham Əliyev”, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qırğız və rus dillərində çap olunan “Gorus-2010: absurd teatrı mövsümü” və “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi”, Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev haqqında rus dilində buraxılmış “Dünya siyasətinin zirvəsini fəth edənlər” ikicildliyi, Qafar Əliyevin “Müasir Azərbaycanın qurucusu və banisi”, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın qırğız dilində üçcildlik “Seçilmiş əsərlər”i və “Bir gəncin manifesti” kitabı və digər nəşrlər hədiyyə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR