Bakıda Təbriz gecəsi keçirilib

Bakıda Təbriz gecəsi keçirilib
# 04 avqust 2012 11:45 (UTC +04:00)
Müqəddəs Ramazan ayı münasibətilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə Təbriz-Qaradağ aşıqlarının, ozanlarının möhtəşəm gecəsi keçirilib.

Gecədə millət vəkili Qənirə Paşayeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, folklorşünas Elxan Məmmədli, Təbriz-Qaradağ ozan sənətinin ən mahir ifaçıları iştirak ediblər.

Tədbirdə çıxış edən folklorşünas Elxan Məmmədli saz və sözün qüdrətinin hər iki Azərbaycanda, həm cənubda, həm də şimalda bir-birinə qaynayıb-qarışan aşıqlar yetişdirdiyini deyib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan sözünü Təbrizsiz düşünməyin mümkün olmadığını deyib: “Çünki Təbriz bizim köklərimiz, Təbriz bizim qəhrəmanlıq tariximiz, Təbriz bizim musiqimizin, mədəniyyətimizin beşiyidir. Təbriz millətimizin tarixində misilsiz xidmətləri olan bir şəhərdir, bir paytaxtdır. Bu gün bu gözəl sənətçilərimiz, ozanlarımızdır ki, millətin ruhunu, millətin tarixini, millətin yaddaşını bu günə qədər gətirib çıxardan ən böyük gücə malik olan saz-söz sənətimizi yaşadıb, inkişaf etdirirlər”.

Təbriz-Qaradağ Aşıqlar Birliyinin sədri Böyük bəy Ələkbəroğlu saz və söz sənətinin həm cəbubdan, həm də çimaldan güc aldığını vurğulayıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Təbriz- Qaradağ aşıqlarının ifalarının insanı fərqli bir auraya köklədiyini qeyd edib.

Çıxışlardan sonra söz saz havalarına verilib. Tədbirin sonunda Təbriz-Qaradağ aşıqlarına “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB tərəfindən plaket və hədiyyələr təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR