Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
# 06 noyabr 2012 11:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Tailand Krallığının Patayya şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, iclasda ölkəmizi Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycan nümayəndə heyəti daha sonra 29 oktyabr - 01 noyabr tarixlərində Banqkok şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının Ümumi yığıncağında və 17-ci illik konfransında iştirak edib. Dünyanın 30-dan çox ölkəsindən və bir sıra nüfuzlu beynəlxalq təşkilatlardan 400-dək nümayəndənin qatıldığı illik konfrans “Transmilli mütəşəkkil cinayətkarlıq: onun müxtəlif sahələrdə təzahürü və prokurorun rolu” mövzusuna həsr edilib.

Plenar iclas və seminarlarla müşayiət olunan tədbirdə mütəşəkkil cinayətkarlıqla mübarizənin aktual problemləri, müharibə, korrupsiya, maliyyə, terrorçuluq cinayətlərinin qarşılıqlı əlaqəsi, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, ekologiya cinayətləri, kibercinayətkarlıq mövzularında çıxışlar edilib. Azərbaycan nümayəndə heyətinin üzvləri - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə rəisi Vüqar Əliyev və Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin şöbə rəisi İsmayıl Qayıbov müzakirələrdə aktiv iştirak edərək mütəşəkkil cinayətkarlığın müxtəlif təzahür formaları ilə mübarizə sahəsində ölkə qanunvericiliyi, mövcud təcrübə, mübarizə üsullarına dair öz mülahizələrini bildirmiş, təcrübələrini bölüşüblər.
Beynəlxalq Prokurorlar Assosiasiyasının ümumi yığıncağında bir sıra təşkilati məsələlər müzakirə olunub, xüsusi xidmətlərinə görə fərqlənmiş üzvlərə mükafatlar təqdim edilmişdir. Qurumun növbəti illik yığıncağının 2013-cü ilin 8-13 sentyabr tarixlərində Moskva şəhərində keçirilməsi qərara alınıb.

Nümayəndə heyətinin üzvləri Tailand Krallığı, Rusiya Federasiyası, Ukrayna və digər ölkələrin prokurorluq əməkdaşları ilə keçirdiyi görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının müsbət nəticələri, korrupsiya ilə mübarizə sahəsində görülmüş konkret tədbirlər barədə ətraflı məlumat verib, qarşılıqlı və səmərəli əməkdaşlığa dair fikir mübadiləsi aparıb. Tədbirin sonunda ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyəti əks etdirən kitabçalar, həmçinin Azərbaycan Prokurorluğu tərəfindən rus dilində hazırlanmış Beynəlxalq Prokurorlar Assosiasiyasının fəaliyyət prinsiplərini özündə cəmləşdirən bukletlər konfrans iştirakçılarına təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR