Asiya İnkişaf Bankı Azərbaycan üzrə biznes-planı yeniləyib

Asiya İnkişaf Bankı Azərbaycan üzrə biznes-planı yeniləyib
# 03 oktyabr 2012 09:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üzrə 2012-2014-cü illəri əhatə edən biznes-planı yeniləyib.

«APA-Economics»in bankın rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, bundan öncə AİB-in Azərbaycan üzrə biznes-planı 2011-ci ildə təsdiqlənib (2011-2013-cü illər üzrə) və hazırkı təsdiqlənmiş biznes-plan ötən ildəkinin yenilənmiş versiyasıdır. Yenilənmiş biznes-plana əsasən, AİB-in Azərbaycandakı fəaliyyəti infrastrukturun dəstəklənməsi olacaq ki, bura nəqliyyat, şəhər xidmətləri və özəl sektorun inkişafı kimi prioritet sahələr daxildir.

Bununla yanaşı, hazırda AİB tərəfindən Azərbaycan üzrə hazırlanan yeni tərəfdaşlıq strategiyasının 2013-cü ildə təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Tərəflər arasında əməkdaşlığa başladığı tarixdən etibarən bu günə kimi avtomobil yollarının tikintisi, kiçik şəhərlərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, elektroenergetika, meliorasiya və selə qarşı tədbirlər sahələrini əhatə edən 7 layihə üzrə ümumi məbləği 596,9 mln. ABŞ dolları məbləğində 10 kredit saziş imzalanıb ki, artıq 3 layihənin («Selə Qarşı Tədbirlər», «Şərq-Qərb avtomobil yolunun yenidən qurulması» və «Kiçik şəhərlərdə su-kanalizasiya sistemlərinin yenidən qurulması») icrası başa çatıb, qalan 4 layihənin icrası isə davam etdirilir. Ümumiyyətlə, 2012-ci ilin yanvar ayının 1-nə AİB-in Azərbaycan üçün təsdiq olunmuş kreditlərinin ümumi məbləği 1 094,4 mln. dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR