Azərbaycanda yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 103%, xərcləri isə 90% icra olunub

Azərbaycanda yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 103%, xərcləri isə 90% icra olunub
# 11 oktyabr 2012 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin 9 ayında Azərbaycan dövlət büdcəsinin mədaxili 1 2521,0 mln. manat, xərcləri 11 074,3 mln. manat olub və nəticədə 1 446,7 mln. manat məbləğində profisit yaranıb.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə dövlət büdcəsinin mədaxili 103,1% icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,4% və ya 3 542,1 mln. manat çoxdur.

«Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 108,1%, yəni büdcəyə 4 554,5 mln. manat, ötən ilin eyni dövrünə nisbətən 12,1% çox vəsait təmin edib. Dövlət Gömrük Komitəsi tərəfindən isə proqnoza 100,4% əməl olunmaqla büdcəyə 880,8 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% çoxdur. Dövlət Neft Fondundan büdcəyə 7 038,4 mln. manat vəsait daxil olub. Sair daxilolmalar üzrə büdcəyə 47,3 mln. manat vəsait təmin edilib», - deyə Nazirlikdən bildirilib.

Büdcə xərclərinə gəldikdə isə, cari ilin 9 ayında dövlət büdcəsinin xərcləri 90,1% icra edilib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 2 339,5 mln. manat və ya 26,8% çoxdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin 9 ayı ərzində dövlət büdcəsi xərclərinin 30,4%-i və ya 3 367,4 mln. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 10,8% çox olub.

Funksional təsnifata uyğun olaraq 2011-ci ilin eyni dövrü ilə müqayisədə 2012-ci ilin 9 ayında müdafiə xərclərinə 35,4% (208,6 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 30,6% (47,8 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 28,9% (30,7 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 28,7% (130,6 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 27,6% (34,9 mln. manat), nəqliyyat və rabitə xərclərinə 22,5% (8,9 mln. manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 19,1% (611,5 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 18,5% (206 mln. manat), səhiyyə xərclərinə 17,1% (55,4 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 14,7% (46,2 mln. manat), ümumi dövlət xidmətləri xərclərinə 6,4% (38,8 mln. manat), təhsil xərclərinə isə 1,5% (12,7 mln. manat) çox vəsait yönəldilib.

Nazirlikdən həmçinin bildirilib ki, hesabat dövründə dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 3 806,8 mln. manat vəsait yönəldilib. Həmin vəsaitdən təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 825,5 mln. manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya və bu qəbildən olan digər infrastrukturlarının tikintisinə, yenidən qurulmasına 2 305,6 mln. manat vəsait yönəldilib.

«Cari ilin 9 ayında icmal büdcənin gəlirləri 16 280,4 mln. manat, xərcləri isə 12 643,8 mln. manat icra edilib», - deyə Nazirlikdən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR