Tərtərdə «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda tədbir keçirilib

Tərtərdə «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda tədbir keçirilib
# 12 oktyabr 2012 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Tərtər rayonunda «Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 120-ə yaxın istehlakçı iştirak edib.

Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını vurğulayıb və bildirib ki, bütün bunlar isə əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaradır, eyni zamanda istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir. İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən A.Əliyev 2012-ci ilin yanvar-sentyabr ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 72,3 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyini bildirib.

A.Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr», «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir», «Ərzaq malları alarkən nələrə diqqət yetirməli» mövzularında məruzələrlə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR