MSK seçki bülletenlərinin paylanmasına başlayıb

MSK seçki bülletenlərinin paylanmasına başlayıb
# 22 oktyabr 2015 15:52 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. MSK seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlayıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu gün Naxçıvan Muxtar Respublikası və ölkənin ucqar bölgələrini əhatə edən, ümumilikdə 42 seçki dairəsi üzrə seçki bülletenləri müvafiq dairə seçki komissiyaları sədrlərinin və katiblərinin iştirakı ilə bülletenlərin sayı, verilmə tarixi və vaxtı göstərilməklə tərtib edilmiş akt əsasında dairə seçki komissiyalarının sədrlərinə təhvil verilib.

Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təmin olunan təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra oktyabrın 14-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5 milyon 344 min 431 ədəd seçki bülleteni çap olunub. Seçki Məcəlləsinə əsasən seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı 3 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR