Yəhudi əsilli amerikalı şagirdlər Azərbaycana səfər edib

Yəhudi əsilli amerikalı şagirdlər Azərbaycana səfər edib
# 08 aprel 2016 17:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Yəhudi əsilli 5 amerikalı şagird Atlanta Yəhudi İcmasının təşəbbüsü ilə Azərbaycana gəlib.

APA-nın məlumatına görə, icmanın lideri Corc Birboum hazırda dünyanın hər yerində zorakılıq, ayrı-seçkiliyin hökm sürdüyü bir zamanda Azərbaycanın sabitlik məkanı olduğunu deyib: “Biz elə bir region seçməyə çalışdıq ki, orada bu cür mənfi tendensiyalar olmasın. Azərbaycan öz sabitliyini qoruyub saxlayıb. Azərbaycan universal dəyərlərə malik bir ölkədir. Ən yaxşı səfirlər isə uşaqlardır. O səbəbdən bu ölkəni uşaqlara göstərmək istədik”.

İcma rəhbəri onların səfərlərinin Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərgin bir dövrə təsadüf etdiyini deyib: “Çox adam elə düşünə bilər ki, Azərbaycanda hər yerdə gərginlikdir. Amma biz gəlib görürük ki, münaqişə ölkənin kiçik bir hissəsindədir. Bura stabil və olduqca tolerant ölkədir. Biz Quba Soyqırımı Memorial Kompleksində olduq. Qırğınlar zamanı ölmüş insanların sümüklərini gördük. Yəhudilər də Holokost faciəsi yaşayıblar və bu məsələyə çox həssas yanaşırlar. Bu çox təsirli idi. Artıq bütün dünya bu məsələdə Azərbaycana dəstək olmalıdır. Mən qayıdanda, icmada bu barədə məlumat verəcəyəm”.

Şagirdlər səfərə Bakıdan başlayıblar. Onlar Bakıdakı yəhudi icmasında görüşdə iştirak ediblər və yəhudi icma məktəbinə baş çəkiblər. Bununla yanaşı onlar Qobustanda da olublar.

Atlanta Yəhudi Akademiyasının 16 yaşlı şagirdi Conatan Noriyel Azərbaycana gələrkən necə bir ölkəyə gələcəyi barədə təsəvvürünün olmadığını bildirib. O, Azərbaycanın ya Rusiya, ya da İran kimi bir ölkə olduğunu düşündüyünü deyib: “Lakin burada gördüm ki, Azərbaycan bunların qarşığıdır. Bakı, buradakı canlılıq, memarlıq üslubları məni heyran etdi. Ən çox bəyəndiyim isə İçərişəhər və buradakı mağazalar oldu. Yəqin ki, dünyanın başqa heç yerində belə suvenirlər olmaz. Mədəniyyət və insanlar çox fərqlidir. Quba məzarlığında gördüklərimdən çox təsirləndim”.

Akademiyanın digər tələbəsi Mayan Şoyen isə Bakının dünyanın ən gözəl, ən təmiz şəhərlərindən biri olduğunu və insanların istiqanlılığından çox təsirləndiyini bildirib: “İnsanlar hər yerdə adamı çox istiqanlılıqla qarşılayırlar. Səbirlə öz dillərini və mədəniyyətlərini öyrətməyə çalışırlar. İçərişəhərdə daşlar üzərində yeridikcə, tarix üzərində gəzdiyini həqiqətən hiss edirsən. Diqqətimi cəlb edən məqam insanların çox sadə və dəbli geyinməsidir. Burada özümə çoxlu dost qazandım”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR